SSRİ-nin "xalqlar həbsxanası" adlandırıldığını bilirsinizmi? Böyük bir imperiyanın tərkibində olmaq, mərkəzin göstərişləri ilə yaşamaq azərbaycanlılara baha başa gəldi. XX əsrin 30-cu illərində xalqımız yeni faciələrlə, repressiyalarla üzləşdi. Repressiyaların səbəbi nə idi? Niyə xalqımız yenidən həbslərə, haqsız ittihamlara, sürgünlərə məruz qaldı?
Mircəfər Bağırov, kütləvi repressiyalar, Salman Mümtaz, Əhməd Cavad, Hüseyn Cavid, Mikayıl Müşfiq, “Azərbaycan xalqı” ifadəsinin yaranması, totalitar rejim
Bolşevik diktaturasının yaradılması. Azərbaycanda qurulan Sovet hakimiyyəti, sözün tam mənasında, diktatura idi. Siyasi idarəetmə sərt mərkəzləşdirməyə əsaslanırdı. Bütün dövlət və hökumət orqanları yeganə siyasi qüvvənin - (AK(b)P) rəhbərlərinin göstərişi ilə fəaliyyət göstərirdi. Uzun müddət rəhbərliyi qeyri-azərbaycanlılardan ibarət olan AK(b)P müstəqil qurum deyildi. Sovet dövlətinin başçısı I.Stalinin sərt göstərişləri əsasında işləyirdi. 1933-cü ildə Mircəfər Bağırov Moskva tərəfindən AK(b)P MK-nın birinci katibi vəzifəsinə gətirildi. M.C.Bağırov amansız xarakteri və ciddi işgüzarlığı sayəsində Azərbaycanda güclü avtoritar1 hakimiyyət qura bildi. Bu işdə onun əsas yardımçıları daxili işlər üzrə xalq komissarlığının rəhbərləri Y.Sumbatov-Topuridze, X.Qriqoryan, R.Markaryan, T.Borşev idilər. O dövrdə Azərbaycanın daxili işlər və prokurorluq sistemində çalışanların əksəriyyəti qeyri-azərbaycanlı kadrlar idi.
Kütləvi repressiyalar. Avtoritar sovet rejimi 1930-cu illərdə təkcə “istismarçı” siniflərə qarşı deyil, xalqın bütün təbəqələrinə qarşı da kütləvi repressiyalar həyata keçirdi. Bu siyasətin əsas məqsədi kütləvi qorxu yaratmaq, xalqı tam itaətkar kütləyə çevirmək idi. Bolşeviklər bu yolla partiyanın təkbaşına hakimiyyətini möhkəmləndirmək istəyirdilər. Xalqımızın görkəmli ziyalılarına, dövlət xadimlərinə, sadə fəhlə və kəndlilərə “əks-inqilabçı”, “Sovet hökumətinin düşməni”, “müsavatçı” adı ilə divan tutuldu.
Sovet rejiminə sədaqətlə xidmət etmiş partiya və dövlət xadimləri də repressiyadan yaxa qurtara bilmədilər. Kütləvi repressiyaların zirvəsi 1937-ci il hesab olunur, öz xalqını canından çox sevən on minlərlə Azərbaycan ziyalısı "xalq düşməni" kimi güllələndi və ya sürgünə göndərildi.
Xalqımızın tarixi, dili və ədəbiyyatı üzrə sanballı tədqiqatlar aparmış görkəmli alimlərimiz Bəkir Çobanzadə və Salman Mümtaz, sevimli şairlərimiz Hüseyn Cavid, Mikayıl Müşfiq və Əhməd Cavad repressiyaya məruz qalanlar içərisində idilər.
1Avtoritar rejim - siyasi hakimiyyətin bir nəfərin və ya bir qrup şəxsin əlində cəmləşdiyi idarə üsulu