Milli-mənəvi dəyərlərimiz üzərinə hücum. Dinsizliyin təbliği. Sovet cəmiyyətində hakim kommunist ideologiyası dini dəyərlərin məhv edilməsi və Allahın inkarı üzərində qurulmuşdu. Sovet hökuməti Bakıda ateizmi təbliğ edən “Allahsızlar cəmiyyəti” yaratmışdı. Respublikada bütün məscidlər, kilsələr və digər ibadət evləri bağlanmışdı. Şərq memarlığının incilərindən sayılan Bibiheybət məscidi isə partladılmışdı. Bütün dini bayramlar qadağan edilmişdi. Şərqdə yeni ilin gəlişini bildirən Novruz bayramı da dini bayram sayılaraq 30-cu illərdə qadağan olunmuşdu. Milli geyimlərdən imtina edilmiş, Qərb geyim tərzi yayılmışdı.
Tar, saz və kamança kimi milli musiqi alətlərimizə qarşı “mədəni təqib” həyata keçirilirdi. Yalnız Ü.Hacıbəyli, M.Müşfiq, Q.Pirimov kimi ziyalılarımızın böyük səyləri nəticəsində tara bəraət qazandırmaq mümkün oldu. Kommunistlərin xalqımızı dinindən, milli-mənəvi dəyərlərindən uzaqlaşdırmaq cəhdləri iflasa uğradı. Ağır repressiya şəraitində xalqımız öz milli-mənəvi dəyərlərini və bayramlarını qoruyub saxlaya bildi.
SUAL VƏ TAPŞIRIQLAR:
Dünyanın yenidən bölüşdürülməsi uğrunda 1939 - 1945-ci illərdə İkinci Dünya müharibəsi baş verdi. Bu müharibədə Azərbaycanın yenə də böyük dövlətlərin planlarında olduğunu bilirsinizmi? Cəbhəyə nə qədər azərbaycanlı göndərildi? Onlar hansı şücaətlər göstərdilər? Armed Mişeli, Mixaylonu tanıyırsınızmı? “Edelveys” planı ilə almanlar hansı əraziləri hədəfə almışdı? Müharibə Azərbaycanın iqtisadiyyatına necə təsir göstərdi?
“Edelveys” planı, Qafqazın müdafiəsi, Əziz Əliyev, milli diviziyalar, İsrafil Məmmədov, Həzi Aslanov, Bakı neftinin qələbəyə töhfəsi
Ölkəmizlə bağlı planlar. 1939-cu il sentyabrın 1-də Almaniyanın Polşaya hücum etməsi ilə İkinci Dünya müharibəsi başlandı. Almaniya qısa müddətdə Mərkəzi və Qərbi Avropanı işğal edib öz gücünü ikiqat artırdı.