SUAL VƏ TAPŞIRIQLAR:
SSRİ İkinci Dünya müharibəsindən qələbə ilə çıxdı. Azərbaycan xalqı da bu müharibənin əsas qəhrəmanı kimi tarixə düşdü. Müharibənin bütün ağırlığını çəkən Azərbaycan SSR-i müharibədən sonra hansı hadisələr gözləyirdi? Sovet totalitar rejimi xalqımıza qarşı daha hansı zorakılıq tədbirləri həyata keçirdi?
Repressiyaların yeni dalğası, Heydər Hüseynov, DQMV-nin Ermənistana verilməsi məsələsi, deportasiya, “Neft daşları”, yeni sənaye şəhərləri
Totalitar rejimin güclənməsi. Müharibəni qələbə ilə başa çatdıran sovet rəhbərliyi ittifaq miqyasında inzibati-amirlik sistemini gücləndirdi. İ.Stalinin şəxsiyyətinə pərəstiş daha geniş miqyas aldı, Sovet dövlətinin bütün uğurları onun xidməti kimi təqdim olundu. Azərbaycanda da M.C.Bağırov respublikanın idarə olunmasını bütünlüklə öz əlində cəmləşdirdi, şəxsən ona sadiq olan adamları yüksək vəzifələrə təyin etdi. Kremlin göstərişi ilə istedadlı adamlara, xüsusən elm və mədəniyyət xadimlərinə qarşı təqiblər gücləndi, repressiyaların yeni dalğası başlandı. İnsanlara qarşı etimadsızlıq, gizli izləmələr, müstəqil düşüncə sahiblərinin təqib edilməsi, satqınların və yaltaqların irəli çəkilməsi geniş miqyas aldı. Cəmiyyətdə ümumi vahimə, qorxu hissi gücləndi.
Görkəmli filosof Heydər Hüseynov Şeyx Şamilin başçılığı ilə mübarizəni Şimali Qafqaz xalqlarının Rusiyanın müstəmləkəçilik siyasətinə qarşı milli azadlıq hərəkatı kimi dəyərləndirdiyinə görə tənqid olundu. Bütün vəzifələrindən kənarlaşdırıldı, aldığı “Stalin mükafatı”ndan məhrum edildi. Tariximizin təhrif edilməsi geniş miqyas aldı. Azərbaycanın şimal hissəsinin Rusiya tərəfindən işğalı “könüllü birləşmə” kimi təqdim edildi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və fəaliyyəti isə tarixdən çıxarıldı. Görkəmli tarixçi A.Bakıxanov xan və bəyləri müdafiə etməkdə, Rusiya şərqşünaslıq elminin banisi Mirzə Kazım bəy çarizmə sədaqətlə xidmət göstərməkdə günahlandırıldı. “Kitabi-Dədə Qorqud” dastanı feodal həyatını əks etdirən epos kimi dəyərləndirildi, tədqiqatçıları təqib edilməyə başlandı. Səməd Vurğun, Mirzə İbrahimov və digər şair və yazıçılar sosializm cəmiyyətində nöqsanlardan bəhs etdiklərinə görə günahkar sayıldılar.