Bakı-Krasnovodsk (Türkmənbaşı) gəmi-bərə yolu, Yevlax-Ağdam dəmir yolu xətti istifadəyə verildi. 1950-ci illərin ikinci yarısında kəndlilərin şəxsi yardımçı təsərrüfatlarının sıxışdırılması baş verdi. Bu, əhalinin ərzaq məhsulları ilə təmin edilməsinə mənfi təsir göstərdi.
SUAL VƏ TAPŞIRIQLAR:
İkinci Dünya müharibəsi respublikamızın mədəni həyatında da dərin iz qoydu. Bu illərdə xalqımızın yaradıcı insanları da qələbə üçün əllərindən gələni əsirgəmədilər. Müharibə illərində xalqımızın hansı elmi-mədəni uğurları oldu? Müharibədən sonra bu uğurlar davam etdimi? 50-60-cı illərdə mədəniyyətin inkişafını uğurlu hesab etmək olarmı?
Azərbaycan Elmlər Akademiyasının yaradılması, Yusif Məmmədəliyev, icbari onillik təhsil, Qara Qarayev, Səttar Bəhlulzadə, Azərbaycan televiziyasının yaradılması
İkinci Dünya müharibəsi dövründə mədəniyyət sahəsində yeniliklər. Faşizm üzərində qələbənin qazanılması üçün Azərbaycanın elm və mədəniyyət xadimləri də böyük töhfələr verdilər. Kimyaçı alim Yusif Məmmədəliyev aviasiya üçün yüksək oktanlı təyyarə benzini istehsalının yeni texnologiyasını hazırladı. Geoloqlar yeni strateji xammal yataqları kəşf etdilər. Cərrah Mustafa Topçubaşovun yeni hərbi cərrahiyyə metodlarının tətbiqi sayəsində minlərlə yaralı döyüşçünün həyatı xilas oldu.
1945-ci ilin martında SSRİ EA-nın Azərbaycan filialı əsasında Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı. Görkəmli cərrah Mirəsədulla Mirqasımov akademiyanın ilk prezidenti seçildi. Respublikamızda elmi tədqiqatların miqyası genişləndi.
Müharibə illərində musiqi, rəssamlıq sahəsində yeni əsərlər yaradıldı. Qara Qarayev və Cövdət Hacıyev “Vətən” operasını bəstələdilər.