SUAL VƏ TAPŞIRIQLAR:
1969-cu ilin iyul ayı Azərbaycanın müasir tarixinin dönüş nöqtəsi kimi qiymətləndirilir. SSRİ kimi nəhəng, nüfuzlu imperiyanın tərkibində olan Azərbaycan SSR-də nə baş verdi? Bu dövrdə xalqımızın mənafeyi necə müdafiə edilirdi? Hansı sahələrdə gələcəyə hesablanmış tədbirlər həyata keçirilirdi? Əhalinin həyat səviyyəsinin yüksəldilməsi üçün hansı tədbirlər görülürdü?
Heydər Əliyev, Dağlıq Qarabağa erməni iddiaları, Azərbaycan SSR-in yeni konstitusiyası, Ağdam-Xankəndi dəmir yolu, Məişət kondisionerləri zavodu
Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi. XX əsrin 60-ci illərinin sonunda respublika iqtisadiyyatının, xüsusilə kənd təsərrüfatının zəif inkişafı, iqtisadi çətinliklərin artması Azərbaycan SSR-in rəhbərliyində dəyişiklik edilməsi ilə nəticələndi. Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə Heydər Əliyev seçildi.
Ümummilli lider Heydər Əliyevin dövlətçilik fəaliyyəti haqqında nə bilirsiniz?
Ulu öndər Heydər Əliyev 1960-cı illərdə Azərbaycandakı vəziyyəti belə xarakterizə etmişdi: “60-cı illərdə respublika iqtisadiyyatı bütövlükdə dərin və uzunmüddətli böhran mərhələsinə qədəm qoymuşdu. Yaranmış ağır vəziyyətdən çıxış yolu tapılmalı, iqtisadiyyatın inkişafi üçün prinsipial cəhətdən yeni konseptual yanaşma yolları işlənib hazırlanmalı, xalq təsərrüfatında köklü struktur dəyişiklikləri aparılmalı, təsərrüfatçılıq və iqtisadi həvəsləndirmə işində təzə metodlar tətbiq edilməli idi”.
Azərbaycan SSR-də 1960-ci illərdə baş vermiş böhran və geriləməni aradan qaldırmaq üçün zəruri olan tədbirləri müzakirə edin.