SUAL VƏ TAPŞIRIQLAR:
1985-ci ildə Sov.İKP MK-nın Baş katibi seçilən Mixail Qorbaçov sovet sisteminin tənəzzülünün qarşısını almaq üçün “yenidənqurma” və “aşkarlıq” siyasi xəttini irəli sürdü. Bu siyasət demokratik cəmiyyət qurulmasına imkan verdimi? Bundan kimlər istifadə etdi? Azərbaycanda hansı proses başlandı? Respublikamız nələri itirdi?
Durğunluq və böhran meyilləri, “yenidənqurma”, Dağlıq Qarabağ münaqişəsinin başlanması, azərbaycanlıların Ermənistandan qovulması, Sumqayıt fitnəkarlığı
Sosial-iqtisadi həyatda durğunluq. XX əsrin 80-ci illərində Sovet İttifaqında durğunluq və böhran meyilləri gücləndi. İstehsalın artım sürəti azaldı, əhalinin gündəlik tələbat malları ilə təmin edilməsində çətinliklər yarandı. M.Qorbaçovun “yenidənqurma” və “aşkarlıq” şüarlarını irəli sürməsindən istifadə edən qatı millətçi qüvvələr fəallaşdılar. Sovet hakimiyyətinə, sosializm quruluşuna qarşı çıxışlar gücləndi. Sovet rəhbərliyinin qətiyyətsiz addımları və yarımçıq islahatları Sovet İttifaqının süqutunu sürətləndirdi.
Azərbaycanda milli hüquqların məhdudlaşdırılmasına, sərvətlərimizin talan edilməsinə qarşı narazılıq artmaqda idi. Respublikanın yeni rəhbərliyi 70-ci illərdən güclənməkdə olan milli dirçəliş prosesinə istiqamət vermək və rəhbərlik etmək əvəzinə, Mərkəzin göstərişlərini yerinə yetirməyə çalışırdı.
1980-ci illərdə respublikamızda bir sıra yeni sənaye müəssisələri və digər obyektlər istifadəyə verildi. Dərin dəniz özülləri zavodu işə salındı. Bakı-Aktau gəmi-bərə yolu açıldı. Azərbaycanın şimal-qərb bölgəsini Bakı-Tbilisi dəmir yolu ilə birləşdirən Yevlax-Balakən dəmir yolu xətti işə salındı. 1983-cü ildə Qroznı-Bakı neft kəməri çəkildi və Azərbaycan Sovet İttifaqının vahid neft kəmərinə qoşuldu. Nəticədə, kükürdlü Sibir nefti emal üçün Bakıya göndərilməyə başlandı ki, bu da ciddi ekoloji problemlər doğurdu.
Kükürdlü neftin yaratdığı ekoloji problemləri müzakirə edin.