SUAL VƏ TAPŞIRIQLAR:
Rusiya imperiyasının Şimali Azərbaycanda apardığı siyasət artıq sizə məlumdur. Komendantların hər biri varlanmaq məqsədi güdür, xalqımızı ağır istismara məruz qoyurdu. Xristian xalqların köçürülməsi ilə yerli əhali ayrı-seçkiliyə məruz qalırdı. Bəs xalqımız bu haqsızlıqlara qarşı necə mübarizə aparırdı? Rusiya hökumətinin müstəmləkəçi siyasətinə qarşı mübarizənin nəticəsi oldumu?
Car-Balakən üsyanı, Lənkəran üsyanı, Quba üsyanı, Hərbi Şura, Şəki üsyanı, Şeyx Şamilin məktubu
Üsyanların səbəbləri. XIX əsrin əvvəllərində çar Rusiyası Şimali Azərbaycan torpaqlarının işğalını başa çatdırdıqdan sonra da xalqımız öz hüquq və azadlıqları uğrunda mübarizəni davam etdirirdi. Çar Rusiyasının müstəmləkəçilik siyasəti XIX əsrin 30-cu illərində üsyanların yeni dalğasına səbəb oldu. Üsyanlar siyasi, iqtisadi və sosial səbəblərlə bağlı idi.
Siyasi | komendant idarə üsulu, çar məmurlarının özbaşınalığı |
İqtisadi | vergi və mükəlləfiyyətlərin artırılması |
Sosial | yerli hakim təbəqənin siyasi və torpaq hüquqlarının məhdudlaşdırılması, milli və dini zülm, köçürmə siyasəti |
Car-Balakən üsyanı Rusiya imperiyasının işğal etdiyi Şimali Azərbaycanın digər bölgələrindən fərqli olaraq, Car-Balakən camaatları (indiki Balakən, Zaqatala, Qax rayonunun bir hissəsini əhatə edirdi) öz daxili müstəqilliyini saxlamışdı. Həm də camaatlar bac ödəmədiklərinə görə Rusiya xəzinəsinə xeyli borc yığılıb qalmışdı. Qafqazın baş hakimi bütün borcun ödənilməsi tələbinə müsbət cavab almadığına görə 1830-cu ilin fevralında Cara qoşun yeritdi, Car-Balakən camaatlarının daxili müstəqilliyini ləğv etdi. Onların idarə olunması üçün 9 nəfərdən ibarət (3 nəfər rus məmuru və camaat tərəfindən seçilmiş 6 nəfər nümayəndə) “Müvəqqəti idarə” yaradıldı. Əslində isə Car-Balakən dairəsinin idarə edilməsi dairə rəisinə və iki rus məmuruna həvalə olundu. Camaatların göndərdiyi nümayəndələr yalnız məşvərətçi (məsləhətçi) səs hüququna malik idilər.