Azərbaycanın ağır vəziyyəti, daxili və xarici təhlükənin artması təxirəsalınmaz qərarlar qəbul edilməsini, tədbirlər görülməsini vacib etmişdi. 20 Yanvar hadisəsi xalqın sovet rəhbərliyinə inamını sarsıtmışdı. Bəs ölkə daxilində respublikanın gələcəyi üçün hansı yol seçildi? Bu zaman xalq nə etdi? Dağlıq Qarabağda hansı hadisələr baş verdi? Hərbi uğurlarımız oldumu?
Naxçıvan Ali Sovetinin qərarları, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı”, MDB, “Daşaltı əməliyyatı”, Xocalı soyqırımı, Goranboy və Əsgəran əməliyyatları
Dövlət müstəqilliyinin bərpa edilməsi. 1990-cı ilin sentyabr ayında Azərbaycan Ali Sovetinə seçkilər keçirildi. Heydər Əliyev Azərbaycan və Naxçıvan Ali Sovetinə deputat seçildi. Onun təşəbbüsü ilə Naxçıvan Ali Soveti 1990-cı il noyabrın 17-də keçirilən iclasında Naxçıvan MSSR-in adından “Sovet Sosialist” ifadəsini götürdü. Ali Sovet isə Naxçıvan Ali Məclisi adlandırıldı. 20 Yanvar hadisələrinə ilk dəfə siyasi qiymət verildi. AXC-nin üçrəngli bayrağı Naxçıvan MR-in rəsmi bayrağı kimi qəbul edildi.
1990-cı ildə Naxçıvan MR-də həyata keçirilən tədbirlərin demokratik xarakter daşıdığını sübut edin.
1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Soveti sessiyasının qərarı ilə Azərbaycan SSR Azərbaycan Respublikası adlandırıldı və AXC-nin üçrəngli bayrağı dövlət bayrağı kimi təsdiq edildi. Amma bununla bərabər, Azərbaycan rəhbərliyi SSRİ-nin saxlanması haqqında referendumda iştirak etmək qərarına gəldi. Yalnız Naxçıvan referendumda iştirakdan imtina etdi.
Azərbaycan Ali Soveti xalqın tələbi ilə avqustun 30-da “Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında Bəyannamə” qəbul etdi. Azərbaycan Kommunist Partiyası ləğv edildi.
1991-ci il sentyabrın 3-də Heydər Əliyev Naxçıvan MR Ali Məclisinin sədri seçildi. Onun həyata keçirdiyi məqsədyönlü tədbirlər sayəsində sovet ordusu hissələri Naxçıvandan çıxarıldı. Heydər Əliyevin Türkiyə və İrana işgüzar səfərləri, apardığı danışıqlar regionda blokada1 şəraitinin yaratdığı böhranın aradan qaldırılmasında, iqtisadi problemlərin və enerji məsələlərinin həllində əhəmiyyətli rol oynadı. Naxçıvan aeroportu yenidən quruldu. Culfa və Şahtaxtı keçid məntəqələri inşa olundu. 1992-ci ildə Muxtar Respublikanı Türkiyə ilə birləşdirən və xalq arasında “Ümid körpüsü” adlandırılan Sədərək körpüsü tikildi.
Xalqın tələbi ilə Azərbaycan Ali Soveti 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul etdi. Azərbaycanın müstəqil dövlətçiliyi bərpa olundu.
1Blokada - siyasi və iqtisadi cəhətdən təcrid etmək.