SUAL VƏ TAPŞIRIQLAR:
Azərbaycan dövlət müstəqilliyini çox mürəkkəb beynəlxalq şəraitdə qazanmışdı. Beynəlxalq aləmdə yeni xammal mənbələri və satış bazarları ələ keçirmək istəyən böyük dövlətlərlə keçmiş SSRİ-nin varisi Rusiya arasında ciddi mübarizə başlanmışdı. Bu mübarizə zəngin maddi sərvətləri olan Azərbaycanla bağlı münasibətlərdə daha açıq şəkildə sezilirdi. Belə şəraitdə respublika xarici siyasət xəttini necə yeridirdi? Respublika daxilində hansı siyasi proseslər gedirdi?
Azərbaycanın beynəlxalq aləmdə tanınması, BMT, Minsk qrupu, ATƏT, GUAM, İpək yolunun bərpası, “Sülh naminə tərəfdaşlıq”
Xarici siyasətdə uğurlar. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdiyi vaxtdan bütün dövlətlərlə münasibətlərini hüquq bərabərliyi əsasında qurmağa çalışırdı. Ölkəmiz öz xarici siyasətində zor işlətməmək, beynəlxalq birlik tərəfindən qəbul edilmiş dövlətlərin ərazi bütövlüyünə hörmət etmək, mübahisələri dinc yolla nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini əsas götürmüşdü.
Azərbaycan Respublikasının dövlət müstəqilliyini ilk olaraq Türkiyə Respublikası, ardınca Rumıniya və Pakistan, daha sonra isə başqa dövlətlər tanıdı. 1993-cü ildə Azərbaycanın dövlət müstəqilliyini artıq 116 dövlət tanımış, 70 xarici dövlət ilə diplomatik əlaqələr yaradılmışdı. Bir çox ölkələrdə Azərbaycanın səfirlikləri açılmışdı.
Azərbaycan Respublikasının dünya dövlətləri tərəfindən tanınmasının əhəmiyyətini müzakirə edin.
Azərbaycan Respublikası 1991-ci ilin dekabrında İslam Konfransı Təşkilatına (indiki İslam Əməkdaşlıq Təşkilatı), sonrakı il isə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul edildi. 1992-ci il martın 2-də Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının tamhüquqlu üzvü oldu.
1992-ci ildə Azərbaycan Avropa Təhlükəsizlik və Əməkdaşlıq Müşa virəsinə (ATƏM) üzv qəbul edildi. Avropa dövlətlərinin təmsil olunduğu bu nüfuzlu təşkilat Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə nizama salınması üçün Minsk qrupu yaratdı.