SUAL VƏ TAPŞIRIQLAR:
1990-cı illərin ortalarında demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində ilk və mühüm addımlar atıldı. Dövlətin Əsas Qanunu hansı prinsipləri əsas götürdü? Hansı islahatlar keçirildi? Dövlətin strukturu necə möhkəmləndirildi? Ölkə iqtisadiyyatında hansı mühüm dəyişikliklər baş verdi?
Azərbaycan Respublikasının Konstitusiyası, Konstitusiya Məhkəməsi, Ombudsman, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri, milli valyuta
Müstəqil Azərbaycanın ilk Konstitusiyası. 1995-ci ilin iyununda Milli Məclisin qərarına əsasən, Azərbaycan Respublikasının Konstitusiyasını hazırlamaq üçün komissiya təşkil edildi. Heydər Əliyevin başçılıq etdiyi bu komissiyaya görkəmli hüquqşünaslar, qanunverici, icra və məhkəmə hakimiyyəti nümayəndələri daxil idilər. Komissiya üzvləri qabaqcıl demokratik ölkələrin təcrübəsi əsasında, Azərbaycan xalqının milli xüsusiyyətlərini nəzərə almaqla, Azərbaycan Respublikası Konstitusiyasının layihəsini hazırladılar. Layihə ümumxalq müzakirəsi üçün mətbuatda dərc edildi və cəmiyyətdə böyük maraqla müzakirə olundu. Bəzi məsələlər, anlayışlar, məsələn, dövlət dilinin adı ilə bağlı ziyalıların iştirakı ilə geniş diskussiyalar keçirildi.
Araşdırın: Azərbaycan Respublikasının Konstitusiyası neçə bölmə, fəsil və maddədən ibarətdir?
1995-ci il noyabrın 12-də keçirilmiş referendumla Azərbaycan Respublikasının Konstitusiyası - müstəqil Azərbaycan dövlətinin ilk Əsas Qanunu qəbul edildi. Konstitusiyanın qəbulu ilə Azərbaycan Respublikasında dövlət quruculuğunun hüquqi, qanuni əsasları yaradıldı.