Azərbaycan xalqı tarixin hər bir mərhələsində dünya mədəniyyətinə öz töhfələrini vermişdir. Hazırda ölkəmiz sürətli iqtisadi inkişafı ilə seçilən Qafqazın lider dövlətinə çevrilmişdir. Bəs mədəniyyətimiz bu inkişafa uyğunlaşa bilirmi? Mədəniyyət sahəsində hansı böyük uğurlar qazanılmışdır?
Heydər Əliyev Fondu, Mehriban Əliyeva, “Mədəniyyət” kanalı, “Muğam” televiziya müsabiqələri, “Avroviziya” mahnı müsabiqəsi, ilk Avropa oyunları
Təhsilin inkişafına dövlət qayğısı. Azərbaycan dövləti müasir dövrdə orta ümumtəhsil və ali məktəb şəbəkəsinin inkişaf etdirilməsinə, uşaq və gənclərin dünya standartlarına cavab verən təhsillə təmin olunmasına, yüksəkixtisaslı kadrların hazırlanmasına xüsusi diqqət və qayğı göstərir. Son on ildə dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin həcmi 3 dəfədən çox artmışdır. Dövlət büdcəsinin və Heydər Əliyev Fondunun maliyyə mənbələri hesabına son illərdə 3 mindən çox yeni məktəb binası inşa edilmiş və ya əsaslı şəkildə təmir olunmuşdur. Azərbaycanda təhsil islahatlarının genişləndirilməsi və bütün təhsil sisteminin dünya standartlarına uyğunlaşdırılması kimi çox mühüm vəzifəni həyata keçirmək üçün 2009-cu ildə Milli Məclis “Təhsil haqqında” yeni Qanun qəbul etmişdir. Həmin qanuna əsasən, dövlət ümumi təhsil və peşə təhsili müəssisələrində təhsil alanlar dərsliklərlə dövlət hesabına təmin olunurlar.
“Təhsil haqqında” yeni Qanunda ümumtəhsil məktəbi ilə bağlı hansı islahatlar nəzərdə tutulmuşdur? Araşdırın.
Azərbaycan Respublikası Avropada vahid ali təhsil məkanının yaradılmasını nəzərdə tutan Boloniya prosesinə qoşulmuşdur. Azərbaycanın bu prosesə qoşulması ölkəmizdə ali təhsil sisteminin təkmilləşdirilməsinə və əsaslı islahatlar aparılmasına təkan vermişdir. Bu məqsədlə 2009-2013-cü illərdə Dövlət Proqramı həyata keçirilmişdir.
Hazırda ölkəmizdə 2013-cü ildə qəbul edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strate- giyası”na uyğun olaraq islahatlar aparılmaqdadır.
Azərbaycan dövləti gənclərimizin xarici ölkələrin ən qabaqcıl universitetlərində ali təhsil almasına həmişə xüsusi diqqət yetirmişdir. Bu mühüm məsələ ilə bağlı qəbul edilmiş “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na uyğun olaraq hər il yüzlərlə gənc təhsil almaq üçün dünyanın nüfuzlu ali məktəblərinə dövlət hesabına göndərilmişdir.
Dünyanın nüfuzlu universitetlərində təhsil almış azərbaycanlılar haqqında məlumat toplayın.
Elmin inkişafı. Respublikamızın iqtisadi imkanlarının yaxşılaşması elmin inkişafına getdikcə daha çox vəsait ayırmağa, iqtisadiyyatda aparılan islahatların elmi təminatına daha çox diqqət verməyə imkan yaratmışdır. Bu məqsədlə Milli Elmlər Akademiyasına elm və texnikanın inkişaf etdirilməsi, elmi tədqiqat işlərinin əlaqələndirilməsi, beynəlxalq elmi əməkdaşlığın təmin olunması sahəsində ali dövlət elmi təşkilatı statusu verilmişdir.
2009-cu ildə Azərbaycanda “Elmin inkişafı üzrə Milli Strategiya və Dövlət Proqramı” qəbul edilmişdir. Bu Proqram qəbul edildikdən sonra Azərbaycan alimləri fundamental elm sahələrində öz tədqiqatlarını genişləndirərək geologiya, neft və neft-kimya, biologiya, kimya, fizika, riyaziyyat sahələrində bir çox kəşflərə imza atmışlar.