Üsyançılara Dağıstan əhalisi də qoşuldu. Məşədi Məhəmməd 5 minlik qoşun toplayaraq 1838-ci ildə hökumətə qarşı fəal mübarizəyə başladı. Üsyançılar Şəki yaxınlığında rus hərbi qüvvələrini məğlubiyyətə uğratdılar. Şəki qalasından başqa, bütün ətraf ərazilər üsyançıların əlinə keçdi. Lakin Qafqazın baş hakimi başqa əyalətlərdən Şəkiyə əlavə qoşun yeridərək üsyanı yatıra bildi. Məşədi Məhəmməd yenidən Cənubi Azərbaycana qayıtmağa məcbur oldu.
XIX əsrin 30-cu illərində baş vermiş üsyanların məğlub olmasının əsas səbəbləri məhəlli xarakter daşıması, iştirakçıların silahla pis təchiz olunması, qüvvələr nisbətin- dəki fərq, hökumətin üsyançılara qarşı nizami qoşun hissələrindən istifadə etməsi idi. Bu üsyanlar məğlub olsa da, onların tarixi əhəmiyyəti böyükdür. Azadlıq mübarizəsi müstəmləkəçilərə sübut etdi ki, xalqımız öz hüquq və azadlıqlarını qorumaq əzmindədir. Çar hökuməti anladı ki, ölkəni talan etmək və xalqı itaətdə saxlamaq üçün yaradılmış komendant idarə üsulunu davam etdirmək daha mümkün deyil.
Üsyanlarda əhalinin bütün təbəqələrinin birlikdə çıxış etməsinin səbəbləri nə idi?
SUAL VƏ TAPŞIRIQLAR:
Şimali Azərbaycanda baş verən xalq üsyanları Rusiyanın mərkəzi hökumətini narahat etdi. Üsyanlar silah gücünə yatırılsa da, Rusiya hökuməti müsəlmanlar yaşayan əyalətlərin idarə sisteminin yarıtmaz olduğunu başa düşdü.
İnzibati idarəçilikdə hansı dəyişikliklər edildi?
İnzibati-məhkəmə islahatı, Xəzər vilayəti, Qafqaz canişinliyi, Şamaxı və Dərbənd quberniyaları, “Kəndli Əsasnamələri”
Xalqımızın əzmkar mübarizəsi Rusiya hökumətini məcbur etdi ki, idarəçilikdə islahatlar aparsın. Təbii ki, bu islahatlar Azərbaycan xalqının vəziyyətini yüngülləşdirmək məqsədi güdmürdü. Rus müstəmləkəçiləri iqtisadi-siyasi maraqlarının həyata keçirilməsi üçün daha səmərəli üsullar tətbiq etdilər.
Yeni inzibati bölgü və idarəçilik sistemi. Rusiya hökuməti bütövlükdə Cənubi Qafqazda inzibati-idarə sistemini dəyişdirməyi qərara aldı. Buradakı idarəçilik sistemini ümumimperiya inzibati sisteminə uyğunlaşdırmaq üçün islahatlar həyata keçirdi.