VII-IX əsrlərdə Azərbaycan xalqının formalaşması prosesi başa çatdı. Azərbaycan xalqı tarixi sərhədlərimiz daxilində: şimalda Böyük Qafqaz dağlarından cənubda Qızılüzən çayına, şərqdə Xəzər dənizindən qərbdə Göyçə gölü də daxil olmaqla, Anadolunun şərqinə qədər ərazilərdə əsas etnik qüvvəyə çevrildi. Azərbaycan millətinin təşəkkülü prosesi də XIX əsrin ikinci yarısında bu tarixi torpaqlarımızda baş verdi.
İqtisadi həyat birliyi, milli burjuaziya, milli oyanış, Azərbaycan milləti, “Əkinçi” qəzeti, Həsən bəy Zərdabi
Millətimizin formalaşması xüsusiyyətləri. XIX əsrin ikinci yarısında Şimali Azərbaycanın sosial-iqtisadi həyatında kapitalist münasibətləri mühüm yer tuturdu. Bu dəyişikliklər Azərbaycan millətinin formalaşmasına şərait yaratdı.
Millət - ümumi tarixi ənənələri daşıyan, dil, ərazi, mədəniyyət və iqtisadi həyat birliyinə malik olan insanların birliyidir.
Kapitalizmin inkişafı Şimali Azərbaycanın ayrı-ayrı bölgələri arasında iqtisadi əlaqələri genişləndirdi. İqtisadi həyat birliyi üçün zəruri şərtlər yarandı. Bu da öz növbəsində qapalı həyat tərzinin aradan qalxmasına, Azərbaycan xalqının millətə çevrilməsinə təkan verdi. Azərbaycan millətinin formalaşması prosesi bəzi özünəməxsus xüsusiyyətlərə malik idi. Birincisi, Vətənimiz iki yerə bölünmüş və ərazi bütövlüyü pozulmuşdu. İkincisi, Şimali Azərbaycan Rusiyanın müstəmləkəsi idi. Üçüncüsü, Şimali Azərbaycan torpaqları da parçalanaraq müxtəlif quberniyalara daxil edilmişdi.
Şimali Azərbaycanda millətin təşəkkülü prosesi XIX əsrin ikinci yarısında baş verdi. Yeni ictimai qruplar - burjuaziya və fəhlə təbəqələri yarandı. Azərbaycan milli burjuaziyasını H.Z.Tağıyev, Ş.Əsədullayev, M.Nağıyev, M.Muxtarov və başqaları təmsil edirdilər.
Musa Nağıyev Müsəlman Xeyriyyə Cəmiyyəti üçün Bakının mərkəzində əzəmətli “İsmailiyyə” binasını ucaltmışdı. Bu bina onun gənc yaşında vəfat etmiş oğlu İsmayılın xatirəsinə tikilmişdi. Burada ictimai tədbirlər, xeyriyyəçilik aksiyaları keçirilirdi. O, Bakıda 100-ə qədər əzəmətli bina, o cümlədən böyük xəstəxana (indiki Kliniki Tibbi Mərkəz) inşa etdirmiş, şəhərə çəkilən su kəməri üçün xeyli pul vermişdi.
Şəmsi Əsədullayev Bakı real məktəbi (indiki Dövlət İqtisad Universiteti) binasının tikintisini maliyyələşdirmişdi. O, Tiflis Müəllimlər institutunu himayəyə götürmüş və burada təhsil alan azərbaycanlı tələbələr üçün təqaüd təsis etmişdi. Ş.Əsədullayevin vəsaiti hesabına Moskvada, Sankt-Peterburqda, Bağçasarayda, Volqaboyu şəhərlərdə bir sıra möhtəşəm binalar tikilmişdi.
Milli burjuaziyanın xalqımızın təhsilində və mədəniyyətində rolunu müzakirə edin.