SUAL VƏ TAPŞIRIQLAR:
Azərbaycanın neft sənayesinin tarixi haqqında artıq müəyyən biliklər əldə etmisiniz. Bakının neft fontanları kapitalistlərə sərvət qazandırırdı. Lakin dünya iqtisadiyyatında böhran baş verməsi neft və neft məhsullarının satışını azaltdı. Bu səbəbdən də həmin məhsulların istehsalı azaldı. Böhran sənayenin digər sahələrinə necə təsir etdi? Böhrandan sonra Şimali Azərbaycanda sənayenin vəziyyəti necə oldu?
Neft şirkətləri, “Mis” sindikatı, balıq sənayesi, milli sahibkarlar, Şollar su kəməri
Neft sənayesi. XX əsrin başlanğıcında Şimali Azərbaycanın neft sənayesi öz inkişafının zirvəsinə çatmışdı. Dünyada istehsal olunan neftin yarıdan çoxu Bakının payına düşürdü. Şimali Azərbaycanın neft sənayesi Rusiya iqtisadiyyatının duru yanacağa olan tələbatını tam şəkildə ödəyirdi.
1900-1903-cü illərdə baş vermiş dünya iqtisadi böhranı1 Azərbaycanın neft sənayesinə və neftlə bağlı olan digər istehsal sahələrinə mənfi təsir göstərdi. Bir çox xırda və orta müəssisə iflasa uğradı. Nəticədə, neft sənayesində istehsalın təmərküzləşməsi prosesi gücləndi. İri neft şirkətlərinin - inhisarların neft çıxarılması və emalında payı artdı. Birinci Dünya müharibəsi ərəfəsində Bakıda çıxarılan neftin yarıdan çoxu 3 nəhəng neft şirkətinin payına düşürdü.
Böhrana baxmayaraq, Şimali Azərbaycan Rusiya və Avropa ölkələrinə əsas neft ixrac edən ölkə olaraq qalırdı. “Nobel qardaşları” şirkəti və 1912-ci ildə yaradılmış “Oyl” şirkəti neft ixracından böyük qazanc götürürdü.
XX əsrin əvvəllərində Abşeronla yanaşı, Quba, Şamaxı və Cavad qəzalarında da neft çıxarılmasına başlanıldı. Neftin satışından böyük gəlir götürən iri neft şirkətləri geoloji-kəşfiyyat işlərinə, yeni neft quyuları qazılmasına, mədənlərdə yeni texnika və texnologiyaların tətbiqinə az diqqət yetirir, öz inhisarçı mövqelərindən istifadə edərək süni neft qıtlığı yaradırdılar. Nəticədə, XX əsrin əvvəllərində neftin qiyməti səkkiz dəfə bahalaşdı. Bu dövrdə digər ölkələrin neft sənayesində yeni, daha güclü nasoslar, elektrik motorları və müasir texnika geniş tətbiq olunurdu.
1İqtisadi böhran - həddən artıq əmtəə istehsalı ilə bağlı tələblə təklif arasında uyğunsuzluq yaranması və istehsalın ixtisar edilməsi.