Kapitalist münasibətlərinin inkişafı və milli şüurun oyanması çarizmin müstəmləkəçilik siyasətinə qarşı azadlıq mübarizəsini alovlandırdı. Əhali Rusiya hökumətindən narazı idi. XX əsrin əvvəllərində hansı mübarizə formaları geniş yayılmışdı? Azərbaycanın şimalı və cənubunda yaşayan əhalinin mübarizəsində oxşar və fərqli cəhətləri müəyyən edin.
Milli ayrı-seçkilik, siyasi nümayiş, ümumi tətil, “Mazut konstitusiyası”, Dəli Alı, Məşrutə hərəkatı, Səttarxan, fədai dəstələri
Şimali Azərbaycanda milli azadlıq mübarizəsi. XX əsrin əvvəllərində çar hakimiyyətinin milli zülmündən və ayrı-seçkilik siyasətindən bütün xalq - ziyalılar, milli burjuaziya, fəhlələr və kəndlilər narazı idi. Cənubi Qafqazın xristian xalqları sərbəst şəkildə kilsə və məktəb açır, qəzet və jurnal buraxırdılar. Azərbaycanlıların isə ana dilində məktəblərinin olmasına, qəzet nəşr etməsinə imkan verilmirdi. Ziyalılarımızın ana dilində qəzet çıxarmaq üçün icazə xahişlərindən birinə Peterburqdan belə cavab göndərilmişdi: “Yaxşı olar ki, ziyalılar qəzeti rus dilində oxusunlar, qalanları isə gedib qoyunlarını otarsınlar”.
Rusiya imperiyasının xristian və müsəlman xalqlara münasibətdə ayrı-seçkilik siyasətinin milli azadlıq hərəkatının səbəbi olmasını əsaslandırın.
Rusiya və Qərbi Avropa şirkətləri milli sərvətlərimizi daşıyıb apararaq böyük qazanc əldə edirdilər. Zəngin sərvətlərimizdən faydalanmayan təkcə onun əsl sahibi olan Azərbaycan xalqı idi. Bir yazıda obrazlı şəkildə ürəkağrısı ilə qeyd edilmişdi: “Nefti ilə bütün dünyanı işığa boyayan, özü isə qaranlıqda qalan Bakı şəhərim mənim”.
Şimali Azərbaycanın və onun əsas sənaye mərkəzi olan Bakının fabrik və zavodlarında, neft mədənlərində fəhlələr ağır şəraitdə çalışır, gündə 12-14 saat işləyir, əvəzində isə çox az əməkhaqqı alırdılar. Onların iş və mənzil şəraiti dözülməz idi. Mədənlərdə texniki təhlükəsizlik tələblərinə əməl edilmədiyi üçün hər yeni neft quyusunun qazılması bir neçə fəhlənin ölümü və ya şikəst olması ilə nəticələnirdi. Tibbi və sosial sığortadan isə danışmağa dəyməzdi.
Fələ! Mənə bir söylə, nədən hörmətin olsun?
Axır nə səbəb söz deməyə qüdrətin olsun?
Əl çək, bala, dövlətlilərə xidmətin olsun,
Az-çox sənə verdiklərinə minnətin olsun!..
Bu çərxi-fələk tərsinə dövran edir imdi,
Fələ də özün daxili-insan edir imdi.
(M.Ə.Sabir)
M.Ə.Sabirin yazdığı şeirə əsasən, həmin dövrdə fəhlə həyatı barədə danışın.