Şimali Azərbaycanda baş verən tətil və nümayişlər Rusiya hökumətini narahat edirdi. Xalq hərəkatının qarşısını almaq üçün yollar axtarılırdı. Şimali Azərbaycan kimi zəngin sərvətlərə malik müstəmləkəni əldə saxlamaq üçün Rusiya imperiyası hansı siyasətə əl atdı? Azərbaycan üçün hansı planlar quruldu? Bu işdə Rusiya hökumətinə sədaqətlə xidmət edən kimlər idi?
Erməni millətçi-terrorçu təşkilatları, milli qırğınlar, Şuşanın müdafiəsi, Sultan bəy, Ə.Topçubaşov, Rusiya Müsəlman İttifaqı
Rusiya imperiyasının “parçala, hökmranlıq et” prinsipi ilə xalqları müstəmləkə əsarətində saxlaması artıq sizə məlumdur. Vətənimizə köçürülən, ən münbit torpaqlarda məskunlaşdırılan ermənilər gec-tez Rusiya hökumətinə “təşəkkür”lərini nümayiş etdirməli idilər.
Milli qırğınların hazırlanması. Bakıda törədilən qətl və qarətlər. XX əsrin əvvəllərində xalqımızın milli oyanışı Rusiya hökumətini bərk qorxuya saldı. 1905-ci ildə Azərbaycan xalqının kütləvi şəkildə inqilabi hərəkata qoşulması hökuməti çıxış yolu axtarmağa vadar etdi. Hakimiyyət ermənilərin əli ilə türk-müsəlman əhaliyə qarşı milli qırğın törətməyə qərar verdi. Çar hökuməti öz mənfur siyasətində ermənilərdən bir alət kimi istifadə etdi. Ermənilər türk-müsəlman xalqlarına qarşı mübarizədə çar Rusiyasına həmişə sədaqətlə xidmət göstərmişdilər. Əsas məqsədi türk və müsəlmanları məhv etmək olan terrorçu Daşnaksutyun (ittifaq) Partiyası Cənubi Qafqazın müxtəlif bölgələrindən və Osmanlı dövlətindən könüllü erməni dəstələri gətirərək azərbaycanlılara qarşı silahlandırdı.
Çar hökuməti erməni dəstələrinin əli ilə ilk milli qırğını Bakı şəhərində törətdi. 1905-ci il fevralın 6-dan 9-na qədər davam edən milli qırğın zamanı azərbaycanlıları qətlə yetirən ermənilər çoxlu ev dağıtdılar və əhalinin malını, mülkünü qarət etdilər. Bakı hərbi qubernatorunun ixtiyarında kifayət qədər əsgər və polis qüvvələri olsa da, o, törədilən qırğına müdaxilə etmədi. Yalnız sadə insanlar, ziyalılar və din xadimləri ermənilər tərəfindən törədilən qətl və qarətlərə qarşı qətiyyətli mübarizə apardılar. Çoxlu itkilər verən ermənilər qırğını dayandırmağa məcbur oldular.
Milli qırğının miqyasının genişlənməsi. Bakıda uğur qazana bilməyən ermənilər Şimali Azərbaycanın müxtəlif qəzalarında xalqımıza qarşı qırğınlar törətməyə başladılar. Ermənilər Naxçıvan şəhərində və Cəhri kəndində rus hərbçilərinin yardımı ilə dinc əhaliyə qarşı qətl və qarətlər törətdilər. Lakin yerli əhalinin ciddi müqaviməti ilə üzləşdikləri üçün qırğını dayandırmalı oldular.
Ermənilər 1905-ci ilin may ayında İrəvan şəhərində dinc azərbaycanlı əhalini qırmağa başladılar. Onlarla azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Öz qan qardaşlarını müdafiə etmək üçün qonşu qəzalardan, Cənubi Azərbaycandan və Osmanlı dövlətindən xeyli könüllü İrəvana köməyə gəldi. Onlar qəhrəmanlıqla vuruşaraq düşmənə böyük zərbə endirdilər.