Bildiyiniz kimi, XIX əsrin sonu - XX əsrin başlanğıcında Şimali Azərbaycanda milli şüurun oyanması prosesi güclənmişdi. Mütərəqqi fikirli milli burjuaziya nümayəndələri, demokratik ziyalılar Azərbaycanın gələcək rifahı haqqında düşünürdülər. Bu düşüncələrdə fərq vardımı? Şimali Azərbaycanda hansı təşkilatlar yarandı? Onların hər birinin məqsədi nə idi? Xalqımızın hansı təbəqələri siyasi cəhətdən daha fəal idi?
M.Ə.Rəsulzadə, Hümmət təşkilatı, Ə.Ağayev, Difai Partiyası, Müdafiə və İttifaq təşkilatları, Müsavat Partiyası, “Açıq söz” qəzeti
XX əsrin əvvəllərində Şimali Azərbaycanda törədilən qırğın və talanlar xalqımızın qabaqcıl nümayəndələrini milli hərəkata istiqamət vermək və başçılıq etmək üçün qəti hərəkətə keçməyə vadar etdi. Xaricdə təhsil alıb Vətənə dönən gənclər ağır sosial həyata, Rusiyanın müstəmləkəçi siyasətinə və ayrı-seçkiliyə son qoymaq üçün xalqımızı mübarizəyə qaldırmağın yollarını axtarırdılar. Ona görə də Azərbaycanın savadlı gəncləri, ziyalıları, mütərəqqi fikirli insanları təşkilatlanır, müxtəlif partiyalarda və cəmiyyətlərdə birləşirdilər.
İlk siyasi təşkilatlar. XX əsrin başlanğıcında milli azadlıq mübarizəsinin siyasi cəhətdən təşkil edilməsi olduqca vacib idi. İlk siyasi təşkilat 1903-ci ildə Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılan Müsəlman Gənclik Təşkilatı oldu. Onun əsas məqsədi müstəmləkə əsarətinə qarşı mübarizə aparmaq idi.
1904-cü ildə Hümmət adlı yeni bir siyasi təşkilat meydana çıxdı. Təşkilat Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, bir qrup Azərbaycan ziyalısı tərəfindən yaradılmışdı. O zamana qədər Bakıda fəaliyyət göstərən sosial-demokrat - bolşevik1 təşkilatının əsas sosial bazasını qeyri-azərbaycanlı fəhlələr təşkil edirdilər. Bakı fəhlələrinin yarıdan çoxu azərbaycanlılardan ibarət idi. Hümmət təşkilatı qarşısına məqsəd qoymuşdu ki, azərbaycanlı fəhlələr içərisində siyasi iş aparsın. Lakin sonrakı dövrdə Hümmət təşkilatı tamamilə bolşeviklərin təsiri altına düşdü.
Azərbaycanlı fəhlələr içərisində siyasi iş aparmağın məqsədi nə ola bilərdi? Fikirlərinizi əsaslasdırın.
Rusiya imperiyasını olduğu kimi saxlamaq fikrində olan bolşeviklər bütün fəhlələrin sosial-iqtisadi hüquqları uğrunda mübarizəni əsas məqsədləri elan etdilər. Bu səbəbdən M.Ə.Rəsulzadə və onun ideya dostları təşkilatdan uzaqlaşdılar. Çünki onları, ilk növbədə, Azərbaycan xalqının milli azadlıq uğrunda mübarizəsi və müstəqillik qazanması düşündürürdü.
M.Ə.Rəsulzadə və onun məsləkdaşlarının bolşeviklərlə ziddiyyət yaradan fikirlərini müəyyən edin.
1 Bolşeviklər (çoxluqda olanlar) - 1903-cü ildə fikir ayrılığı nəticəsində Rusiya Sosial Demokrat Fəhlə Partiyasının Mərkəzi Komitəsində çoxluq qazanan qrup. Azlıqda qalan qrupa isə menşevik deyilirdi.