Belə vəziyyətdən istifadə edən erməni və aysorlar1 silahlı dəstələr yaradaraq azərbaycanlılara qarşı soyqırımlar törətdilər. 1918-ci ilin yaz aylarında onlar Urmiya, Xoy, Salmas və Təbriz şəhərlərində çoxlu sayda dinc əhalini qətlə yetirdilər. 1918-ci il martın 21-də Urmiyada törədilən soyqırımının miqyası daha böyük idi. On min nəfərə yaxın günahsız Azərbaycan türkü məhv edildi. Bu qanlı hadisə tarixə “Urmu bəlası” kimi düşdü. Cənubi Azərbaycanda demokratik qüvvələrə başçılıq edən Şeyx Məhəmməd Xiyabani dərhal könüllü fədai dəstələri yaradaraq erməni-aysor qüvvələrinin üzərinə göndərdi. Qardaş Osmanlı dövləti də bölgəyə qoşun yeritdi. Nəticədə kütləvi qırğınların qarşısı alındı.
SUAL VƏ TAPŞIRIQLAR:
Siz artıq inqilabın nə olduğunu bilirsiniz. Avropa ölkələrində burjua inqilabları feodal qaydalarına ağır zərbə vurdu. Belə bir inqilab Rusiyada da baş verdi. Bu inqilab Şimali Azərbaycana necə təsir etdi? Azərbaycan ictimaiyyətinin: ziyalıların, milli burjuaziya nümayəndələrinin, fəhlələrin və kəndlilərin bu hadisəyə münasibətləri necə oldu?
Fevral inqilabı, Xüsusi Cənubi Qafqaz Komitəsi, M.YCəfərov, Müsəlman Milli Şurası, N.Yusifbəyli, Oktyabr çevrilişi, Bakı Soveti, Ərzincan barışığı, Cənubi Qafqaz Komissarlığı və Seymi
Yeni hakimiyyət orqanlarının yaradılması. 1917-ci ilin Fevral inqilabı Rusiyada mütləq monarxiyaya, Romanovlar sülaləsinin hakimiyyətinə son qoydu. Çar II Nikolay taxtdan salındı. Bu hadisə Rusiyanın bütün müstəmləkələrində, o cümlədən Şimali Azərbaycanda böyük sevinclə qarşılandı. “Molla Nəsrəddin” jurnalı mütləqiyyətin devrilməsini xalqımız üçün xoşbəxtlik hesab edirdi.
İnqilab nəticəsində Rusiyanı idarə etmək üçün Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumət Qafqaz canişinliyini ləğv etdi. Onun yerində Xüsusi Cənubi Qafqaz Komitəsi yaradıldı. Komitənin tərkibinə Dördüncü Dövlət Dumasına Cənubi Qafqazdan seçilmiş yerli nümayəndələr daxil idi.
1 Aysorlar - qədim assuriyalıların xristianlığı qəbul etmiş müasir nümayəndələri