1. Seym Cənubi Qafqazın müstəqilliyini elan etsin;
2. Qars, Ərdəhan və Batum vilayətlərini dərhal boşaltsın.
Lakin Seymin gürcü-erməni çoxluğu bu tələbləri qəbul etmədi. Cənubi Qafqaz nümayəndə heyəti Trabzon sülh konfransını yarımçıq tərk etdi. Erməni və gürcü fraksiyalarının tələbi ilə Seym Osmanlı dövlətinə qarşı müharibəyə başladı. Bu qərara qəti etiraz edən Azərbaycan fraksiyasının mövqeyi isə nəzərə alınmadı.
Cənubi Qafqaz Seymində bir-birinə zidd mövqelərin olması bu qurumun aqibəti haqqında fikir söyləməyə imkan verirmi? Fikrinizi əsaslandırın.
Osmanlı hərbi qüvvələri ilə bir neçə gün döyüşən erməni-gürcü hərbi qüvvələri ağır məğlubiyyətə uğradı. Nəticədə, Seym Osmanlı dövlətinin hər iki tələbini qəbul etdi. Seymin 1918-ci il aprelin 22-də keçirilən iclasında müstəqil Cənubi Qafqaz Federativ Demokratik Respublikası yaradıldığı elan edildi. Osmanlı dövləti ilə yenidən danışıqlar aparılması üçün Batumda sülh konfransı çağırılması təklifi qəbul olundu.
SUAL VƏ TAPŞIRIQLAR:
XX əsrin əvvəllərində Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət çox ağır olaraq qalırdı. Bununla bərabər, istər təhsil və elm, istərsə də ədəbiyyat və incəsənət sahələrində ciddi inkişaf baş vermişdi. Təhsildə hansı yeniliklər müşahidə edildi? Elmin hansı sahələri inkişaf etdi? Mətbuatda hansı məsələlər işıqlandırıldı? Qadınların ictimai-mədəni həyatda iştirakı hansı səviyyədə idi?
H.Z.Tağıyevin Qızlar məktəbi, F.Köçərli, “Vətən dili” dərsliyi, “Həyat” qəzeti, “Molla Nəsrəddin” jurnalı, “Leyli və Məcnun” operası, “İsmailiyyə” binası
Təhsil və elm. XX əsrin əvvəllərində Şimali Azərbaycanda təhsilin inkişafında ciddi maneələr qalmaqda idi. Hökumət təhsilə çox az vəsait ayırırdı. Dövlətin açdığı məktəblərdə təhsil rus dilində - ruslaşdırma siyasətinə xidmət edilərək aparılırdı. Vətənpərvər maarifçilərimiz belə ağır şəraitdə milli-mənəvi dəyərlərimizi qoruyub saxlamaq üçün bütün mümkün vasitələrdən istifadə edirdilər. Onlar ana dilində təhsil verən məktəblər açır, milli ruhda dərslik və proqramlar yazırdılar.