Hər il martın 31-də Azərbaycanlıların Soyqırımı Gününü hüznlə qeyd edirik. 1918-ci ilin soyqırımı qurbanlarını yad etmək uşaqdan böyüyə hər kəsin vətəndaşlıq borcudur. Xalqımıza qarşı törədilən soyqırımılarının dəhşətli mənzərəsi hələ də xatirələrdə yaşayır. Quba soyqırımından qalan kütləvi məzarlıq türk-müsəlman əhaliyə qarşı törədilmiş vəhşiliklərin bariz nümunəsidir. Bəs 1918-ci ildə baş verən kütləvi qırğınların arxasında kimlər dururdu? Bu qırğınlar necə hazırlanmışdı?
Mart soyqırımı, Bakı XKS, bolşevik-daşnak qüvvələri, qətl və qarətlər
Daşnak-bolşevik qüvvələri tərəfindən törədilən Mart soyqırımı. 1918-ci ilin ilk aylarında Cənubi Qafqaz Komissarlığı və Seyminin hakimiyyətinə tabe olmayan yeganə şəhər Bakı idi. Bakı Fəhlə Deputatları Sovetinin bolşevik rəhbərliyi 1917-ci il noyabrın 2-də Bakı şəhərində Sovet hakimiyyəti qurulduğunu elan etmişdi. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin əsas dayağı Vladimir Leninin başçılıq etdiyi Sovet Rusiyası idi. V.Lenin Cənubi Qafqaz xalqlarının milli azadlıq mübarizəsini diqqətlə izləyirdi. O, yaxşı başa düşürdü ki, Cənubi Qafqazda baş verən proseslər gec-tez müstəqil Azərbaycan dövlətinin yaradılması ilə nəticələnəcək. Bunun qarşısını almaq üçün Qafqazın Fövqəladə Komissarı təyin etdiyi S.Şaumyana neftlə zəngin olan Bakıda hakimiyyəti tam şəkildə ələ keçirməyi tapşırmışdı. Sonrakı mərhələdə isə bütün Azərbaycan işğal edilməli idi.
Bakı Soveti rəhbərliyi bu planın həyata keçirilməsinə 1918-ci ilin yanvarında başladı. Əvvəlcə şəhər əhalisinin ərzaqla təchizi, maliyyə və poçt-teleqraf üzərində nəzarət ələ keçirildi. Daha sonra Bakı Sovetinə tabe olan silahlı qüvvələrin yaradılmasına başlanıldı. Qafqaz cəbhəsindən geri dönən rus əsgər və zabitləri Bakı Soveti tərəfindən hərbi xidmətə cəlb olundu. Sovet Rusiyasından S.Şaumyanın sərəncamına pul, çoxlu sayda silah-sursat, top, hətta hərbi təyyarə göndərildi. Qafqaz cəbhəsindən və İrandan qayıdan minlərlə silahlı erməni hərbçisi də Bakıda yerləşdirildi.
Mart soyqırımı ərəfəsində Bakı Sovetinin ixtiyarında 20 min nəfərə yaxın hərbi qüvvə var idi. 1918-ci il martın 15-də Bakı Soveti rəhbərliyi Daşnaksutyun Partiyasının Bakı Komitəsi və digər erməni təşkilatları ilə birgə fəaliyyət haqqında gizli saziş bağladı. Beləliklə, xalqımıza düşmən olan qüvvələr milli qırğın törətmək üçün vahid cəbhədə birləşdilər. Bolşevik-daşnak qüvvələri Bakıda azərbaycanlıları kütləvi məhv etmək üçün hazırladıqları planı həyata keçirməyə başladılar.
Bakı Soveti rəhbərliyi şəhərin əsl sahibi olan türk-müsəlman əhalinin müdafiəçilərini tərk-silah etmək üçün hərəkətə keçdi. Martın 27-də Lənkərana yola düşməyə hazırlaşan “Evelina” gəmisindəki azərbaycanlı hərbçilər tərk-silah edildi.