Yeni dövlətin yarandığını elan etmək müstəqil dövlət qurmağın birinci mərhələsidir. Dövlətin strukturunu və Milli Ordusunu yaratmaq, daxili və xarici siyasət xəttini müəyyən etmək dövlət quruculuğunun ən çətin vəzifələridir. Şimali Azərbaycan da mürəkkəb siyasi proseslərin içərisində idi. Bu proseslərin inkişafetdirici və maneəyaradıcı tərəfləri vardı. Bəs Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruculuğu tədbirləri nədən ibarət idi?
Azərbaycan Parlamenti, Ə.Topçubaşov, N.Yusifbəyli, Dövlət bayrağı, Azərbaycan Korpusu, Əsgəran döyüşü
Parlamentli respublikanın qurulması. Azərbaycan Xalq Cümhuriyyəti yarandığı gündən tarixi ərazilərimizə və milli dəyərlərimizə sahib çıxmağa başladı. Cümhuriyyət dövründə Şimali Azərbaycanın dəqiq müəyyən olunmuş ərazisi 97,3 min kvadrat kilometr idi. Gürcüstan və Ermənistan respublikaları sərhədboyu torpaqlarımıza iddia qaldırmışdı. Mübahisəli sayılan həmin torpaqlarla birgə ümumi ərazimiz 114 min kvadrat kilometrə çatırdı. Respublikada 3,3 milyon nəfərə yaxın əhali yaşayırdı.
Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin iclası
AXC parlamentli respublika idi. Qərbi Avropanın demokratik dövlətlərində və ABŞ-da olduğu kimi, hakimiyyət bölünürdü. Qanunverici hakimiyyət orqanı kimi parlament yaradılmışdı. İcraedici hakimiyyət hökumətə məxsus idi. Hökumət parlament qarşısında məsuliyyət daşıyırdı. Azərbaycan Parlamenti 1918-ci il dekabrın 7-də işə başladı. Milli Parlament təkpalatalı olub 120 deputatdan ibarət idi. Azərbaycanda yaşayan bütün xalqlar və siyasi partiyalar parlamentdə təmsil olunurdu. Cümhuriyyətin yaradıcısı olan M.Ə.Rəsulzadə ilk iclasda bütün deputatlara müraciət edərək bildirdi ki, “Vətən qayğısını və millət duyğusunu” hər şeydən yüksək tutmaq lazımdır. Görkəmli dövlət xadimi Ə.Topçubaşov parlamentin sədri seçildi. Parlament mövcud olduğu müddətdə ölkə həyatının bütün sahələrinə aid yüzlərlə qanun qəbul etdi. 1918-ci il dekabrın 26-da F.Xoyskinin başçılığı ilə üçüncü hökumət kabineti yaradıldı. Dördüncü və beşinci hökumət kabinetlərinə isə Nəsib bəy Yusifbəyli rəhbərlik etdi. Hökumət kabinetləri parlamentin nəzarəti altında fəaliyyət göstərirdi.