Dünya әhalisinin
regionlar üzrә
paylanması
Asiya, Afrika və Latın Amerikası dünyada əhalinin çox olması ilə fərqlənən regionlardır.
Bu regionlarda doğumun yüksək olmasına bir çox amillər təsir edir:
– milli adәt-әnәnәlәr: erkən nikahlar, çoxuşaqlılıq, ailədə oğlan uşaqlarına üstünlük
verilməsi;
– dinin tәsiri: ailədə uşaqların sayının məhdudlaşdırılmasının qadağan edilməsi;
– gender problemi: qadınların əksəriyyətinin evdar qadın olması, cəmiyyətin həyatında
fəal iştirak etməməsi, təhsil hüquqlarının pozulması və s.
– ailәnin iqtisadi tәlәbatı: aqrar iqtisadiyyat şəraitində uşaqların əlavə işçi qüvvəsi
olması, yaşlı valideynlərin övladlarının himayəsində yaşaması.
Asiya, Afrika və Latın Amerikasında əhalinin sayının çox olması təkcə doğumun yüksək olması ilə deyil, eləcə də ölümün nisbətən aşağı göstəricisi ilə əlaqədardır. Səhiyyənin inkişafı, əhali arasında kütləvi peyvəndlərin aparılması, ana və körpələrə keyfiyyətli tibbi xidmətin göstərilməsi əhali arasında ölümün sayını azaldır. Lakin bu regionlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır.
Müasir Afrika dünyada doğumun ən yüksək olduğu region olub “demoqrafik partlayış”la səciyyələnir. Afrika ölkələrinin əksəriyyətində təbii artım 25–35 nəfərdir. Təbii artıma görə Uqanda (35 nəfər) və Burundi (32 nəfər) dünyada ilk yerləri tutur. Şimali Afrika regionuna daxil olan ölkələrdə son zamanlar doğum göstəricilərinin azalması müşahidə edilir.
Demoqrafik partlayış bir çox iqtisadi, sosial və ekoloji problemlərin yaranmasına səbəb olur. Bunlardan ən başlıcası ərzaq problemidir. Afrika əhalisinin 2/3 hissəsi kənd təsərrüfatında çalışsa da, istehsal olunan ərzaq məhsulları əhalinin təlabatını ödəmir.
Əhalinin sürətlə artması təhsil və səhiyyədə müxtəlif problemlərin yaranmasına səbəb olur: müəllim və tibb işçilərinin, məktəb və tibb ocaqlarının, müvafiq texniki təchizatın çatışmazlığı və s.