• | BMT ekspertlәrinin mәruzәsindәn: “Afrika ölkələrinin iqtisadi geriliyinin və kənd təsərrüfatının zəif inkişaf səviyyəsinin əsas səbəblərindən biri quraqlıqdır”. |
• | Sahel – Afrikanın Böyük Səhradan cənubda səhra və savanna
zonaları arasında yerləşən hissəsidir. Bura üçün mövsümi rütubətlənmə
səciyyəvidir. Lakin bəzən rütubətli mövsümdə də
yağıntı düşmür. Bu, quraqlıq adlanır. Quraqlıq – Sahel ölkələrinin kənd təsərrüfatının inkişafını məhdudlaşdıran əsas amildir. Əkilən bitkilər məhsul vermədən birbaşa tarlada quruyur, heyvanlar su və yemək çatmadığından məhv olur. Nəticədə əhali çox əziyyət çəkir. Heyvanların çox otarılması, eyni bitkilərin təkrar əkilməsi, torpaqları gücdən salması, kolluqların və ağacların yanacaq kimi istifadə olunması və s. səhralaşmaya gətirib çıxarır. |
Afrika materikinin əsas hissəsi tropik xətlər arasında yerləşdiyinə görə Yer kürəsində ən isti materik hesab edilir. Materik üzərində Günəş radiasiyasının illik kəmiyyəti 160–220 kkal sm2 arasında dəyişir. Əksər ərazilərdə il ərzində Günəş iki dəfə zenitdə olur. Ona görə də ilboyu temperatur 20°C-dən aşağı düşmür.
Alçaq təzyiq qurşağında yerləşən Mərkəzi Afrikaya daha çox yağıntı düşür və yağıntılar ilboyu bərabər paylanır. Bu ərazilərdə səpələnən günəş radiasiyası üstündür. Buna səbəb həmin ərazilərdə buludluluğun yüksək olmasıdır. Mərkəzi Afrikada, Qvineya körfəzi sahilində, Kamerun vulkanının cənub-qərb yamacında yerləşən Debuncada illik yağıntının miqdarı 10 470 mm-ə çatır.