Avstraliya iqliminin quraq olması materikdə çay və göllərin az olması ilə nəticələnir. İl ərzində bütün Avstraliya ərazisindən okeana cəmi 350 km3 su axır (dünya çaylarının ümumi axınının 1%-dən az).
Avstraliyanın səhra və yarımsəhralarında daimi axara malik çay yoxdur. Lakin orada quru çay dərələri var. Onlar qısamüddətli yağışlardan sonra su ilə dolur. Avstraliyada dövri olaraq su axan çay dərələrinə kriklər deyilir. Mərkəzi ovalıqda onlardan ən məşhuru Kuper-krikdir.
Avstraliyanın ən böyük çay sistemi Murrey (Marri) – Darlinqdir. Bu çaylar Böyük Suayırıcı silsilədən başlayaraq ovalıq tərəfə axır və Avstraliya körfəzinə tökülür.
Murrey uzunluğuna görə Darlinqdən qısadır. Lakin sistemin əsas çayı Murreydir. Çünki Murrey Darlinqdən kifayət qədər bolsuludur.
Murrey-Darlinq çay sisteminə daxil olan çayların qidasını Böyük Suayırıcı dağlarına düşən yağış və yeraltı suları təşkil edir. Çayların ən bol sulu vaxtı ilin isti dövründə olur. Su anbarları və bəndlər tikilənə qədər Murrey çayının daşması fəlakətli xarakter alırdı. Bu zaman çaylar böyük miqdarda çöküntü materialları gətirirdi. Dərə boyunca toplanan materiallar tirələr şəklində uzanaraq qolların əsas çaya tökülməsinə mane olurdu. Hazırda Murrey və onun bütün qolları çay çöküntülərindən təmizlənmişdir. Çayların üzərində tikilən su anbarlarının sayı çoxdur.
Qışda Murrey çayında suyun səviyyəsi xeyli aşağı düşür, lakin bütün il ərzində fasiləsiz axın davam edir. Murrey-Darlinq çay sistemi böyük təsərrüfat əhəmiyyətinə malikdir. Onların suyundan Murrey düzənliyinin münbit, lakin quraq torpaqlarının suvarılmasında istifadə edilir. Burada taxıl, meyvə, üzüm, tərəvəz və s. yetişdirilir. Murrey çayı gəmiçilik əhəmiyyətinə malikdir.