Yer kürəsinin quru hissəsində əlverişli təbii şəraitə malik ərazilər insanlar tərəfindən mənimsənilmişdir.
İnsanlar bu ərazilərdəki təbii sərvətlərdən yüz illərdir ki, istifadə edir. Hazırda onların çoxu tükənmiş və ya tükənmək dərəcəsinə çatmışdır. Lakin Yer kürəsinin əhalisi artmaqda davam edir, sərvətlər isə daha çox azalır.
Quruda təbii ehtiyatların azalması insanların Dünya okeanının resurslarından istifadəyə daha çox diqqət yetirməsi ilə nəticələnmişdir. Yeni sərvətlərin aşkar edilməsi və istifadə olunması üçün okeanların xüsusiyyətləri öyrənilməlidir. Onların əldə edilməsi üçün uyğun texnologiya və texniki avadanlıq tələb olunur. Lakin Dünya okeanı müxtəlif təbii ehtiyatlarla zəngindir və onlar quruda tükənməkdə olan təbii sərvətləri əvəz edə bilər.
Dünya okeanının ən qiymətli sərvətlərindən biri dəniz sularıdır. Okean suyunda həll olmuş halda 70-dən çox kimyəvi element var: xörək duzu, xlor, maqnezium, kalium, brom, uran, qızıl və s. Dünyada adambaşına 270 mln m3 su düşür. Lakin dünya əhalisinin şirin suya oaln tələbatı ödənilmir.
Dünyada 80-dən çox ölkə şirin su çatışmazlığından əziyyət çəkir. Şirin su ilə təmin olunmağın ən perspektivli yollarından biri Dünya okeanının duzlu sularının şirinləşdirilməsidir. Dəniz sularının şirinləşdirilməsi texnologiyası hazırda 100-dən çox ölkədə tətbiq edilir.