(“Mehman” povestindən, ixtisarla)
Dünyada xoşbəxt olmaq üçün yeganə yol
təmiz vicdan sahibi olmaqdır.
Stiven Duqlas
Tədris hissə müdiri Məlikə xanım onillik məktəb vəsiqəsini Mehmana təqdim edib, ayrılıq əlaməti olaraq onun boynunu bərk-bərk qucaqladı. Məlikə xanımın qar kimi ağaran pərakəndə saçları Mehmanın şəvə kimi qara qıvrım (...) saçlarına qarışdı:
– Oğlum, – deyə müəllimin yaşaran gözləri doldu (1). – Düz on ildir ki, sən bizim bu məktəbdə oxuyursan. Düz on il əvvəl sən buraya balaca bir uşaq kimi, çantanı yerlə sürüyə-sürüyə gəlib, indi cavan bir oğlan kimi gedirsən... Bu on ilin çox yarısını mən özüm sənə dərs vermişəm... Sən mənim sevimli (...) balam olmusan... Bu on ildə məktəbdə mən səni həm əxlaqda (...), həm də oxumaqda bütün uşaqlara nümunə gətirmişəm... Bu gün mən məktəbi bitirmək şəhadətnaməsini sənə təqdim edib yola salıram. – Məlikə xanım çəkilib Mehmanın gözlərinin içinə diqqətlə baxdı. – Mənim sənə analıq tövsiyəm vardır, – müəllim göy damarlı əlini qəti bir qərarla qaldırıb: (2) – Ancaq mənim sənə çox mühüm (...) bir tapşırığım vardır... Hər halda, hansı işdə olursan, ol, daxilən pak-təmiz ol!.. Heç kəs bilməsə, tək bir sən özün bilsən belə, mənəviyyatını gün kimi saf, ay kimi parlaq saxla!
Heç bir zaman (...) bir balaca nöqtə qədər olsa belə, öz ürəyini ləkələmə! – Məlikə xanım qaynayan gözlərini silib əlavə etdi: – Sənin bu dünyada iki anan var, birisi səni doğan ana ki, sən ona həmişə hörmət etməlisən, ikincisi də sənə təlim verən anadır!..