Erməni snayperinə tuş gələn 9 yaşlı
Fariz Bədəlovun ruhuna
Həmin gün uzaqlardan günəşin və dağların arxasında qaynaşan buludların bir-birinə sarmaşmış ağırlığı enirdi asta-asta bir kəndin üstünə, dolurdu evlərə, hopurdu ürəklərə. Elə bil yer axtarırdı sığınmağa, əbədi bir sığınacaq. Axır ki tapdı o yeri – tapdı ana ürəyini…
Dünya da, onun bir parçası olan Azərbaycan da, onun əl boyda torpağı olan Qarabağ da, Qarabağın sədəf boyda hissəsi olan Orta Qərvənd kəndi də baş verəcəklərdən, üstünə enən günəşlə buludun qarışığından xəbərsiz idi. Çünki kənd çərşənbə havaları ilə yaşayırdı. Yumurta boyamaq, qovurğa qovurmaq, səməni göyərtmək həvəsində idi... Kimi çəpər çəkir, kimi ağac dibi belləyir, kimi ev-eşiyində bayram təmizliyi edirdi. Kəsəsi (...), Orta Qərvənd bütün Türk dünyasının sevimli bayramı Novruzun pişvazına hazırlaşırdı…
Həmin səhər ana hamıdan tez oyandı yuxudan. Əslində, o, gecəni yata bilməmişdi. Sanki yerinə qor dolmuşdu. İki-üç dəfə diksinib oyanmışdı. Və hər dəfə də “bismillah” deyib, özündən bir az aralıda yatan oğlunu yoxlamış, əli ilə saçlarını oxşamışdı. Bunun səbəbini heç özü də bilməmişdi. Amma hiss etmişdi ki, ürəyi sinəsindən çıxıb qaçmaq istəyir. Hətta gördüyü yuxunu da heç kimə danışmadı, “düşər-düşməzi olar”, “xeyirə yozulmaz”, – deyə dilə gətirməyə də qorxdu… Başını iş-güclə qatsa da, diqqəti çöldə-bayırda, uşağının yanında idi. Tez-tez pəncərədən, qapıdan Farizə baxır, onun qonşu uşaqlarla oynadığını görüb sakitləşərək qəlbinə girmiş şeytanı qovmağa çalışırdı.