* * *
Tarixin müxtəlif mərhələlərində Azərbaycanın cənubunda Manna, Midiya, Atropatena, şimalında isə Albaniya dövlətləri ölkənin ictimai-siyasi və mədəni inkişafında mühüm rol oynamışdır.
Miladdan əvvəl I minilliyin başlanğıcında Azərbaycan ərazisində yaşayan qədim tayfaların bir hissəsini mannalılar təşkil edirdi. Mannada
elmin və təhsilin inkişafı üçün ən vacib şərt olan yazı mədəniyyəti mövcud idi. Tibb, astronomiya və həndəsəyə aid biliklər xüsusi gil lövhəciklərdə mixi yazı ilə (xüsusi heroqliflərlə) həkk olunurdu.
Manna dövləti süqut etdikdən sonra onun ərazisi Midiya dövlətinin vilayətləri sırasına keçdi. Midiya dövlətində elmə və savada böyük əhəmiyyət verilirdi. Onlar dünyanın ən qədim əlifbalarından olan “arami” (Qədim Suriya) əlifbasından istifadə edirdilər. Məktəbdə tibb, hesab, coğrafiya, musiqi və astronomiya tədris olunurdu. Roma və yunan
mənbələri Midiyada yazılı ədəbiyyatın və kitab mədəniyyətinin olmasından xəbər verir. E.ə. VI-V əsrlərdə yunan alimləri Midiya maqlarının təlimindən bəhrələnmişlər. Qədim yunan filosofu Empedokl bütün əşyaların dörd ünsürdən (sudan, havadan, oddan, torpaqdan) ibarət olduğunu söyləyərkən atəşpərəstlərin müqəddəs varlıqlar (od, su, torpaq, hava) haqqında təsəvvürlərinə əsaslanırdı. Empedoklun ideyaları XVIII əsrin sonuna qədər dünya elmində hakim mövqedə olmuşdur. Məşhur rus filosofu A.Q.Sprikin yazırdı ki, Demokrit “Dünya atom və boşluqlardan ibarətdir” müddəasını midiyalılardan öyrənmişdir.