Bir zamanlar kiçik bir kənddə bir-birinə qonşu iki qardaş yaşayırdı. Onların böyük bir tarlası var idi. Bir yerdə əkir, bir yerdə becərirdilər.
Günlərin bir günü iki qardaş arasında kiçik bir anlaşılmazlıq baş verdi. İnciklik günbəgün böyüdü və onların ayrılığına səbəb oldu. Onlar hər şeyi bölmək məcburiyyətində qaldılar, hətta əkib-becərdikləri tarlanı da böldülər. Artıq qardaşlar bir-birinin üzünə belə baxmırdılar, çünki onlar danışanda sözləri düz gəlmirdi.
Bir gün böyük qardaş bir usta çağırıb deyir:
– Bu dərənin o tayındakı həyət mənim kiçik qardaşımındır. Keçən həftəyə qədər onun həyəti ilə mənim həyətim arasında bir yol var idi. Amma qardaşım söz-söhbətdən sonra bir dərə qazdırdı. İndi aramızdakı yol dərəyə çevrilib. Ona görə də səni çağırdım ki, aramızda üç metr hündürlükdə bir hasar çəkəsən. İstəyirəm ki, nə onu görüm, nə də onu xatırladan həyətbacanı. Madam ki o məni görmək istəmir, heç mən də onu görmək istəmirəm.
Usta heç bir söz demədi. Ona lazım olan alətləri götürdü ki, işə başlasın. Ev sahibi alış-verişə getdikdən sonra usta işə başladı və axşama qədər çalışıb işini tamamladı.