ANA DİLİ
Mən universiteti təzə bitirib vətənimizə gələn günü şəhrimizin qazisi Axund Molla Səbzəli gəldi bizim evə mənim görüşümə. Evimizdə heç kim yox idi anamdan savayı. O da keçdi o biri otağa və qazi ilə biz başladıq söhbəti. Deməyinən yazıq anam da qapının dalında durub qulaq asırdı.
Qazi içəri girən kimi mən qabağa yeridim və dedim: “Salam məleyk”. Cənab qazi mənə cavab verdi:
– Ay səlamü əleyküm, əhvali-şərif, maşaallah, neçə müddətdi, müştaqididarınız idim*.
Mən bir şey başa düşməyib dedim: “Da”.
Cənab qazi bir qədər baxdı mənim üzümə və genə başladı: “Təhsilinizi əncama yetiribsiniz, ya dübarə təkmili-nöqsan üçün darülelmə övdət etməlisiniz?”**
Mən genə bir şey başa düşməyib dedim ki, cənab axund, yaxşı panimat eləmirəm ki, nə ərz edirsiniz?
Axund soruşdu: Necə?
Mən dedim: Çto?
Söhbətimiz elə bu cür də qurtardı və axund başmaqlarını geyinib çıxıb getdi. Anam girdi içəri və mənə dedi: Balam, mollaynan nə dildə danışırdınız ki, mən heç nə başa düşmədim?
Dedim: Ana, mollaynan biz ana dili danışırdıq. Anam başını saldı aşağı və bir qədər fikrə gedib dedi: “Yazıq ana dili”.
“Molla Nəsrəddin” jurnalı
27 yanvar 1907-ci il
* Neçə müddət idi, üzünüzü görməyə həsrət idim.
** Təhsilinizi bitirmisiniz, yoxsa təkmilləşmək üçün təkrar elm dalınca getməlisiniz?