TEATR MUZEYİ məşhur Xalq rəssamı Mikayıl Abdullayevdən xahiş etmişdi ki, o, Üzeyir bəy Hacıbəylinin şəklini (...) çəksin. Mikayıl Abdullayev həmişə danışırdı ki, bu portreti çəkəndə Üzeyir bəy razı deyilmiş: “Mənim vaxtım da, həvəsim də yoxdur”, - deyirmiş. Mikayıl Abdullayev isə inad göstərib: “Sizin şəklinizi mənə sifariş ediblər, mən bu əsəri çəkməli və muzeyə verməliyəm”, - deyib. Növbəti dəfə Üzeyir bəyin əhvali-ruhiyyəsi yaxşı olduğundan o, işlərinin çox olmasına baxmayaraq, portretin çəkilməsinə razılıq verib.
O zaman Üzeyir bəy konservatoriyanın direktoru vəzifəsində işləyirdi. Rəssam onun portretini kabinetindəcə çəkməli olur. Onun çəkdiyi ilk şəkil Üzeyir bəyin xoşuna gəlir. Bunu hiss edən rəssam həmin şəkli bəstəkara hədiyyə (...) kimi təqdim edir. Sonra o, ikinci şəkildə böyük (...) bəstəkarı öz kabinetindəki masa (...) arxasında təsvir etməyə nail olur. Həmin müddət ərzində bəstəkara soyuq dəyir. O, işə çıxmır. Rəssam portretini çəkib qurtarır və onu rənglərin quruması üçün Üzeyir bəyin masası arxasındakı kürsünün (...) üstündə divar xalçasına söykəyib gedir. Ertəsi gün Üzeyir bəy evdən konservatoriyaya zəng vurub nə isə soruşur. Bununla əlaqədar olaraq kabinetin açarını xidmətçi qadına verirlər ki, lazım olanı oradan gətirsin. Xidmətçi qadın qapını açıb içəri girir və tez geri dönüb direktorun özünün kabinetdə olduğunu xəbər verir. Təəccüblənirlər. Ona görə ki (...) Üzeyir bəyin xəstə olduğunu bilirdilər. Kimsə tez gedib kabinetin açar deşiyindən baxıb görür ki, Üzeyir bəy, doğrudan da, öz yerindədir. Bu dəfə tədris hissə müdiri özü gedib kabinetin qapısını açanda əvvəl çaşır, (...) sonra masa arxasında Üzeyir bəyin portretinin olduğunu görüb gülməyə başlayır.