* * *
Üzeyir Hacıbəyli ilə Müslüm Maqomayevin talelərində, sənət yollarında qəribə oxşarlıqlar var. Onlar nəinki bir ildə, hətta bir gündə anadan olmuş, Qori Müəllimlər seminariyasında bir yerdə təhsil almış, sonradan həyatlarını musiqiyə həsr etmək qərarına gəlmişlər. Hər ikisi Azərbaycan musiqisinin tərəqqisi naminə var gücləri ilə çalışmışdır. Üzeyir bəyi Müslüm bəylə sıx yaradıcılıq əməkdaşlığından başqa, səmimi dostluq münasibətləri də bağlamışdır. Həyatlarının ən çətin məqamlarında onlar bir-birinə möhkəm dayaq olmuş, biri digərindən öz köməyini əsirgəməmişdir.
1. Üzeyir Hacıbəylinin 1908-ci il yanvarın 25-də Bakıda tamaşaya qoyulmuş “Leyli və Məcnun” operası təkcə Azərbaycanda deyil, ümumən bütün müsəlman Şərqində ilk opera sənətinin ilk nümunəsidir. Üzeyir Hacıbəyli tariximizə milli musiqi ənənələrini Avropa musiqisinin qanunauyğunluqları ilə ilk dəfə üzvi surətdə birləşdirmiş dahi sənətkar kimi daxil olmuşdur. ***
2. M.Maqomayev ilk operası “Şah İsmayıl”ı xalq dastanı əsasında yaratmışdır. “Leyli və Məcnun” kimi, bu opera da zəngin muğam xəzinəsindən bəhrələnmişdir. Bəstəkarın ikinci operası – “Nərgiz” isə Azərbaycan mədəniyyəti tarixinə Avropa üslublu ilk milli opera kimi daxil olmuşdur. M. Maqomayev həmçinin Azərbaycanda ilk opera dirijoru, habelə milli musiqi folklorunun yorulmaz toplayıcısıdır. ***
3. 1897–1898-ci illərdə Azərbaycanın zəngin musiqi ocaqlarından sayılan Şuşada dahi Füzulinin “Leyli və Məcnun” poemasının son – “Məcnun Leylinin məzarı üstündə” hissəsi əsasında həvəskarlar musiqili teatr tamaşası göstərirlər.