1931-ci il idi. Məni indiki Azərbaycan Dövlət Akademik Dram Teatrına aktyor təyin etmişdilər. Səhər saat on birin yarısı idi. Teatrın foyesində gəzirdim. Bu vaxt Cəfər Cabbarlı mənə yaxınlaşıb:
– Yoldaş Tağızadə, tar çalmaq bilirsinizmi? – deyə soruşdu.
– Xeyr, bilmirəm.
– Çox təəssüf, – deyə o məndən ayrılıb pillələrlə yuxarı çıxmağa başladı.
Bu söhbət məni çox maraqlandırdı. Ertəsi gün Cəfər Cabbarlının kabinetinə gedib soruşdum:
– Cəfər qardaş, sizin mənə verdiyiniz sualın səbəbini bilmək istəyirəm.
– Mən səni düşünüb bir rol yazırdım, heyif ki, tar çalmaq bilmirsən.
– Cəfər qardaş, məktəbi yenicə qurtarıb gəlmişəm, tar almağa imkanım yoxdur. Əgər tarım olsaydı, sizin arzunuzu yerinə yetirərdim.
Cəfər bir söz demədi...
Sonuncu söhbətimizin üstündən bir neçə saat keçdi. Saat üçdə xidmətçi qadın Cəfər Cabbarlının məni çağırdığını xəbər verdi. Getdim. Biz küçəyə çıxdıq. O danışmırdı. Mən də heç nə soruşmurdum.
İsti avqust günlərindən biri idi. İndiki Sabir bağının yanındakı meydançada musiqi alətləri satılan mağaza var idi. Ora çatanda Cəfərlə həmin mağazaya girdik. Satıcı Cəfər Cabbarlını tanıdı və:
– Cəfər yoldaş, nə istəyirsiniz? – deyə soruşdu.
– Mənə bir yaxşı tar ver!
Satıcı bir tar gətirib Cəfərə uzatdı. Cəfər tarın simlərini mizrabla cingildətdikdən sonra kassaya yaxınlaşıb alətin pulunu verdi. Tarı mənə uzatdı. “Yəqin ki, tarı küçə ilə əlində aparmağa utanır”, – deyə düşündüm.
Biz mağazadan çıxıb yolumuza davam etdik. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti nəzərdə tutulur) qabağında Cəfər Cabbarlı mənimlə xudahafizləşib dayanacağa doğru yönəldi.