ANAR
(1938)
• O, zəngin yaradıcılıq yolu keçmiş,
keçən əsrin 60-cı illərindən başlayaraq,
yalnız bədii nəsr sahəsində deyil, həm
də dramaturgiya, kino, ədəbi tənqid və
ədəbiyyatşünaslıq sahəsində səmərəli
fəaliyyət göstərmişdir.
Yazıçının əsərlərində müasir insanın
həyatı, gündəlik qayğıları, mürəkkəb
həyati proseslərin axarında özünü dərk
etməsi təsvir olunmuşdur.
Şamil Salmanov
Yada salın
- Ailə münasibətlərinin geniş əks olunduğu hansı əsərləri xatırlayırsınız?
- Həmin əsərlərdə hansı fikirlər diqqətinizi daha çox cəlb edib?
Düşünün
- “Övladın ömrü valideyn ömrünün davamıdır” cümləsində ifadə
olunmuş fikri necə başa düşürsünüz?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının
köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
KEÇƏN İLİN SON GECƏSİ
(İkihissəli pyes, ixtisarla)
İştirak edirlər:
Həmidə xala – 50–51 yaşlarında.
Rüstəm – onun oğlu, 22 yaşında.
Dilarə – onun qızı, 17 yaşında.
Tofiq – onun oğlu, 15 yaşında.
Gülarə – onun qızı, 25 yaşında.
Süleyman – Gülarənin əri.
Vaqif – Gülarənin oğlu, 5 yaşında.
Çingiz – Tofiqin yoldaşı
Şamil – Tofiqin yoldaşı.
Leyla – Dilarənin rəfiqəsi.
Kamilə – Rüstəmin nişanlısı.
Səkinə xala – qonşu qadın,
45–46 yaşlarında.
Eynəkli kişi.
Televiziya diktoru.
Telefondan gələn səslər, Tofiqin
yoldaşları, küçədən keçənlər.
Hadisə bizim günlərdə Bakıda cərəyan edir.
Birinci hissə
Böyük səhnə pərdəsi açıqdır. Onun yerinə başqa bir pərdə asılmışdır. Bu pərdənin
üzərində şəkil çəkilmişdir – çilçıraqlı Bakı gecəsi. Evlərin, küçələrin ulduz-ulduz işıqları,
dənizdə rəngbərəng işıq siqnalları. Ön planda Nərimanov prospektinin yeni binalarından
biri. Binanın üçüncü mərtəbəsindəki mənzilin balkonu qabağa çıxıb. Evin birinci mərtəbəsində
ərzaq mağazası yerləşir. Biz mağazanın qapısından girib-çıxan adamları görürük.
Həmidə xala balkona çıxır, üzünü qonşu balkona tutub çağırır.