İyirminci yüzilliyin əvvəlləri ölkəmizin tarixinə mürəkkəb və ziddiyyətli bir dövr kimi daxil olmuşdur. Çar Rusiyasının zəifləməsi imperiyanın müxtəlif bölgələrində siyasi fəallığın artmasına, milli-azadlıq hərəkatının güclənməsinə səbəb oldu. Azərbaycanın nicat yolu təkcə siyasət adamlarını deyil, yazıçı, şair və ziyalıları da ciddi düşündürürdü. Yurdsevər ədib və ziyalılarımız həm yazıları, həm də ictimai fəaliyyətləri ilə milli problemlərin həlli yolunda yorulmadan çalışır, ölkənin taleyi ilə bağlı bütün məsələlərdə müstəsna fəallıq göstərirdilər.
Firidun bəy Köçərli, Məhəmməd Əmin Rəsulzadə, Yusif Vəzir Çəmənzəminli, Üzeyir Hacıbəyli və b. milli birliyi və azadlığı təbliğ edən yazıları baş verən mürəkkəb ictimai-siyasi hadisələrin mahiyyətinin başa düşülməsində əhəmiyyətli rol oynayırdı.
Milli ideologiyanın formalaşmasında, eləcə də mədəniyyət və ədəbiyyatla bağlı dəyərli fikirlərin yayılmasında M.Ə.Rəsulzadənin redaktorluğu ilə dərc olunan “Açıq söz” qəzetinin əvəzsiz xidməti vardı.
1917-ci ildə baş verən Oktyabr çevrilişi Çar Rusiyasının süqutuna səbəb oldu. Azərbaycan buna hazırlıqsız deyildi. Zaqafqaziya Seymi dağılandan sonra - may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyəti elan edildi. Şərqdə ilk demokratik respublikanın ölkəmizdə yaranması təkcə ədəbiyyatımızda deyil, milli-mədəni düşüncəmizdə özünüdərkin, özünə- qayıdışın möhkəm təməlini qoydu. Cəmi iyirmi üç ay fəaliyyət göstərən milli dövlətimiz vətənimizin tarixində silinməz izlər qoymuş, müstəsna rol oynamışdır. Xalq Cümhuriyyəti böyük ictimai-siyasi hadisə kimi vətənimizin sonrakı taleyinə, gələcək inkişafına əhəmiyyətli təsir göstərmişdir. Qısa zaman kəsiyində bu hakimiyyətin həyata keçirdiyi tədbirlər, reallaşdırdığı, yaxud planlaşdırdığı işlər milli zəmində köklü dəyişikliyin nə demək olmasından xəbər verirdi. Azərbaycan türkcəsinin dövlət dili elan olunması, milli mətbuatın genişlənməsi, Bakı Dövlət Universitetinin təsis edilməsi, Azərbaycan Dövlət Teatrının, müxtəlif cəmiyyət və birliklərin yaranması və s. Cümhuriyyət dövründə çoxsahəli səmərəli işin aparıldığını təsdiq edirdi.
Cümhuriyyət dövrü ədəbiyyatı mövzu, problem baxımından fərqlənir, yeni çalarlar qazanırdı. Başqa sözlə, Xalq Cümhuriyyəti ədəbiyyatda mövzu və məzmunca yeni əsərlərin meydana gəlməsinə, yeni problemlərin orijinal bədii həllinə rəvac verdi. Müstəqil Azərbaycanın üçrəngli bayrağının mədhi, suveren milli dövlətin dəstəklənməsi, milli dövlətçilik ideologiyasına rəğbət və onun təbliği, torpaqlarımızın erməni qəsbkarlarından müdafiəsi və azad edilməsi, 31 mart 1918-ci ildə Bakıda baş vermiş azərbaycanlıların soyqırımı hadisəsi, şimaldan gələn təhlükə, müstəqilliyin taleyi ilə bağlı narahatlıq və bir çox digər taleyüklü məsələlər həmin dövrdə yaranan ədəbiyyatın başlıca mövzuları idi.
Cümhuriyyət illərində nəsr və dramaturgiya ilə müqayisədə poeziya daha böyük uğur qazanmışdı. Çevikliyi ilə seçilən, sürətlə yayılan lirik janrlar həyatda baş verənlərə dərhal reaksiya vermək imkanından yararlanır, coşqun inkişaf yolu keçirdi.