ƏHMƏD CAVAD
(1892 – 1937)
• O, Azərbaycan poeziyasının özünəməxsus
ədəbi taleyi, sənətdə orijinal yolu olan nadir
simalarından biridir.
Ə.Cavad ümumşərq islam zehniyyətinə,
ümumtürk mənəvi qaynaqlarına, xüsusən də
erkən orta əsrlərdən üzü bəri davam edib
gələn anadilli şeirimizə dərindən bələd idi.
Bəkir Nəbiyev
Yada salın
- Dövlət rəmzləri haqqında yazılmış hansı əsərlərlə tanışsınız?
- Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?
Düşünün
- Azərbaycanın Dövlət Bayrağına həsr olunan əsərlərdə hansı
məsələlərə önəm verilməsini əhəmiyyətli hesab edirsiniz?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının
köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
AZƏRBAYCAN BAYRAĞINA
Türküstan yelləri öpüb alnını,
Söyləyir dərdini sana, bayrağım!
Üçrəngli əksini Quzğun dənizdən
Ərməğan yollasın yara, bayrağım!
Gedərkən Turana çıxdın qarşıma,
Kölgən dövlət quşu, qondu başıma.
İzin ver gözümdə coşan yaşıma,
Dinlətsin dərdini aha, bayrağım!
Qayi xan soyundan aldığın rəngi,
Qucamış Elxanla müsəlman bəgi.
Elxanın övladı – dinin dirəgi,
Gətirdin könlümə səfa, bayrağım!
Köksümdə tufanlar gəldim irəli,
Öpüm kölgən düşən mübarək yeri,
Allahın yıldızı, o gözəl pəri
Sığınmış qoynunda aya, bayrağım!..
I dərs
Məzmun üzrə iş
1. Şeiri fərdi olaraq səssiz oxuyun.
2. İlkin təəssüratınızı siniflə bölüşün.
3. Şeir haqqındakı hiss və düşüncələrinizi ikihissəli gündəlikdə qeyd edin.
s.s. |
Əsərdə diqqətimi daha çox cəlb edənlər |
Bunun səbəbi |
1 |
|
|
4. Eyni, yaxud oxşar fikirdə olduğunuz yoldaşlarınızla kiçik qruplarda birləşib qənaətlərinizi bölüşün.
5. Çıxardığınız nəticələr barədə təqdimatlar etməklə fikir mübadiləsi və müzakirə aparın.
6. Mövzulardan birini seçib şifahi təqdimat hazırlayın.
a) Şeir müəllif haqqında təəssüratıma yeni nə əlavə etdi?
b) Şeirin məndə daha güclü təəssürat yaradan sözü, ifadəsi, misrası və bəndi.
Evdə iş
- Müxtəlif mənbələrdən, digər fənlərdən topladığınız məlumat əsasında “Azərbaycan Xalq
Cümhuriyyəti dövründə ədəbiyyatımız” mövzusunda şifahi təqdimata hazırlaşın.