Bütün gecə kəndi lərzəyə salmış top səsləri səhərə yaxın kəsildi. Xəzangül elə bil birdən-birə gurultu, çaxnaşıq bir aləmdən dibsiz, qaranlıq bir yarğana yuvarlandı. Lakin bu səssizlik ona top və mərmilərin qulaqbatırıcı gurultusundan daha müdhiş göründü. Qulaqları səs aldı. Axşamdan çaxnaşma içərisində vurnuxan camaatın çığır-bağırtısı da daha eşidilmirdi. “Bu nədir? Hamı qaçıbmı, – fikirləşdi, – tək-tənhamı qalmışam bu cəhənnəmdə? Yəni camaatın içərisində bir nəfər də tapılmadı ki, məni yada salsın? Yox, bu ola bilməz. Kim bilməsə də, Xeyransa ilə əri gözəl bilirlər ki, mən tərpənə bilmirəm.
Xəzangül bunları fikirləşəndə qonşularını o qədər də qınamırdı. Bilirdi ki, hərəsinin bir çətən uşağı var. Bu mərəkədə hamı öz başının hayında olub.
Boylanıb şüşələri qırıq-qırıq olmuş pəncərədən eşiyə baxmaq istədi. Lakin hələ də qan sızan ayağının yarası elə sızıldadı ki, yerindən tərpənə bilmədi. Başında da bərk ağrı başlamışdı. Çünki bütün gecəni bir dəqiqə çimir vurmamışdı. Top mərmiləri evlərinin lap böyründə partlayırdı. Dəqiqəbədəqiqə gözləmişdi ki, onlardan biri də indicə damlarına düşəcək və onu körpəsi ilə birlikdə göyə sovuracaqdır. Zavallı körpə də sübhədək kiriməmişdi.
Üç gün qabaq həyətlərinin ortasında partlamış top mərmisindən yaralanmış ayağının