BƏXTİYAR VAHABZADƏ
(1925 – 2009)
• Bəxtiyar Vahabzadə bizə öyrətdi ki,
hər bir millətin ana dili o millətin
namusu və vicdanıdır. O, nəsillərin birbirinə
ötürdüyü ən qiymətli mirasdır.
Əhməd Bican Ercilasun
Yada salın
- Milli azadlıq uğrunda mübarizəyə həsr olunmuş hansı əsərlərlə tanışsınız?
- Bu mövzuda oxuduğunuz əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?
Düşünün
- Milli azadlıq mövzusunda əsərlərin yaranmasına səbəb, sizcə, nədir?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının
köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
İSTİQLAL
(ixtisarla)
I
Dünya çalxalandı, sular duruldu,
Tərsinə dolandı əsrin məhvəri.
Zaman hökm elədi, vaxt hakim oldu,
Ayağa qaldırdı qul millətləri.
Qullar silahlandı qəzəbdən, kindən
Ayıra bildilər dumandan sisi.
Qovdu ağasını məmləkətindən
Kölə Afrikanın kölə zəncisi.
Göyə dirək oldu amanım, ahım,
Halalca haqqımız bizdən yan qaçar.
Zəncinin bəxtini açan Allahım
Bəs mənim bəxtimi nə zaman açar?
Yaman uzun çəkdi hökmü bu qəsdin,
Ayrılıb ikiyə döndü bir Vətən.
“Gülüstan” adlanan bu ifritənin
Kağızı, qələmi nədənmiş, görən?
O kağız, o yazı yumdu gözləri
Yanan ürəklərdə od külə döndü.
Bizim aramızda o gündən bəri
“Gülüstan” tikanlı məftilə döndü.