CƏFƏR CABBARLI
(1899 – 1934)
• O, klassik Azərbaycan dramaturgiyası
və klassik şeiri əsasında yetişmiş, milli
ədəbiyyatımızın ən gözəl ənənələrini
inkişaf etdirmiş, yeni bir dramaturgiya
ədəbi məktəbini yaratmış şəxsiyyətdir.
Səməd Vurğun
Yada salın
- Anaya həsr olunmuş hansı əsərləri xatırlayırsınız?
- Bu əsərlərdə ana obrazı necə səciyyələndirilir?
Düşünün
- Anaya həsr olunmuş əsərlərdə ümumi cəhətlər nə ola bilər?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu
kitablarının köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
ANA
(ixtisarla)
Əgər bütün bəşəriyyət ədüvvi-canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm, gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm, haşa,
Və ya ki vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib iczimi bəyan eləyim,
Əyilmərəm, nə ki yer, versələr səmanı mənə.
Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücüylə mənə hökm edə, – olum təslim,
Əyilmərəm yenə, haşa! Ölüm nədir ki, onun
Gücüylə xalqa həqiranə eyləyim təzim?!
Cahanda yox elə bir qüvvə, baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu
Ki, hazıram yıxılıb xaki-payinə hər gün,
Öpüm ayağını icz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qultək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm, bəzmi-istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi-səmavi, gurulda, çatla, dağıl
Sən, ey günəş, yağışın yağdır, ey bulud, ağla!