Müxtəlif məzmunda (rəy, təsvir, mühakimə və s.) inşa, esse və məruzənin yazılması ilə bağlı müəyyən bacarıqlara yiyələnmisiniz. Bu bacarıqlarınızı IX sinifdə daha da inkişaf etdirəcək, müqayisə xarakterli yazılarla əlaqədar yeni bacarıqlar qazanacaqsınız. Əlbəttə, əvvəlki siniflərdə müqayisə aparmağı tələb edən tapşırıqları yerinə yetirdiyinizi xatırlayırsınız. Unutmamısınız ki, həmin tapşırıqlar ədəbi növ və janrların özünəməxsusluğunu aşkara çıxarmaqda, izah etməkdə yardımçınız olub. O da yadınızdadır ki, ədəbi qəhrəmanların xarakter və əməllərindəki oxşarlığı, fərqi müəyyənləşdirməyi tələb edən sual və tapşııqların üzərində işləmiş, çıxardığınız nəticələri müqayisə cədvəlində, Venn diaqramında əks etdirmisiniz. Lakin bütün bunlar konkret tapşırıqlar üzrə olub. Bilməlisiniz ki, müqayisənin mahiyyəti, tətbiq edilməsi qaydaları barədə əhatəli bilik və bacarığa malik olmadan müqayisə tələb edən böyük həcmli yazıları (inşa, esse...) uğurla yerinə yetirmək mümkün deyildir.
İlk növbədə, “tutuşdurma”, “qarşılaşdırma”, “müqayisə” anlayışlarının hər biri haqqında aydın təsəvvür qazanmalısınız. Bir çox hallarda onlar sinonim anlayışlar kimi işlənilir, bu isə dolaşıqlığa səbəb olur. Cisim və hadisələrin arasındakı oxşar cəhətlərin aşkara çıxarılması tutuşdurma, fərqli (zidd) cəhətlərin müəyyənləşdirilməsi isə qarşılaşdırma adlandırılır. Oxşar və fərqli cəhətlərin eyni zamanda üzə çıxarılmasına isə müqayisə deyilir.
Bəs müqayisənin başlıca xüsusiyyətləri və tətbiq qaydaları hansılardır?
Bunların ən mühüm olanlarına diqqət edək. Müqayisəni o vaxt tətbiq etmək mümkündür ki, obyektlər (bədii əsərlər, obrazlar və s.) müqayisəyə gələn olsun. Bütün obyektləri bir-biri ilə müqayisə etməyin mümkün olduğunu düşünmək səhvdir. O obyektləri müqayisə etmək mümkün və faydalıdır ki, onların mahiyyətində, təbiətində oxşarlıq olsun. Bu, müqayisənin ən mühüm xüsusiyyətlərindən biridir.
Müqayisənin başlıca xüsusiyyətlərindən biri də müqayisəyə cəlb edilən obyektlərin mühüm əlamətlərinin götürülməsidir. Bu, həmin obyektlər barədə dərin, hərtərəfli biliyin qazanılmasına imkan verir.
Müqayisənin başqa bir xüsusiyyəti ondan istifadə edərkən eyni, vahid əsasın (əlamətin) gözlənilməsidir. Yəni obyektlər eyni, vahid əsaslar üzrə müqayisə edilməlidir. Buna əməl etmədikdə bir obyektin bir əlamətə, ikinci obyektin isə başqa əlamətə görə səciyyələndirilməsi həyata keçirilmiş olur. Beləliklə, obyektlər ayrı-ayrılıqda təsvir edilir ki, bu da onların tutuşdurulduğunu, yaxud qarşılaşdırıldığını deməyə əsas vermir.
Obyektlərin arasındakı oxşar, yaxud fərqli əlamətlərin aşkara çıxarılması hələ müqayisənin tamamlanması demək deyildir. Oxşarlığın və fərqin səbəbini açmaq, müqayisə olunanların arasındakı əlaqələri aydınlaşdırmaq, müqayisədən nəticə çıxarmaq, ümumiləşdirmə aparmaq həyata keçirilməli olan mühüm qaydalardır.