Mart hadisəsi zamanı İsmailiyyə binasından çox da uzaq olmayan bir məhlədə erməni əsgərlərinin mühasirəsinə düşmüşdüm. Ələ keçməmək üçün yaşadığım evin zirzəmisində gizlənmişdim. Pulemyotların taqqıltısını, topların gurultusunu eşidirdim. Dışarıda nələr vaqe olduğunu hiss edir, xəyalımda bir çox faciəli mənzərələr canlandırırdım. Bazarın qarət edilərək yandırıldığını, Şah məscidi və Təzə Pir məscidlərinin top mərmisi ilə dağıdıldığını mənə söyləmişdilər. Hətta İsmailiyyə binasına atəş vurulub yandırıldığını anlatmışdılar. Lakin İsmailiyyənin yandırıldığına inanmırdım. Mənə onun necə atəşlər saçaraq yandığını, bir anda o gözəl binanın abadlığından bir əsər qalmadığını təsvir edən qadına deyirdim:
– Yəqin ki, sən yanılırsan. Hər şey ola bilər. Bizim düşmənlərimiz başımıza bu fəlakəti açdığı kimi, hər şeyi bacarar. İsmaliyyəyə isə toxunmazlar. Çünki o böyük bina bizim üçün müqəddəsdir.
Müharibə bitdi. Mən də üç günlük bir mühasirədən, qaranlıq və üzücü bir həyatdan, bir əsarətdən qurtardım. Özümü tələsik İçərişəhərə saldım. Yolum İsmailiyyə binasının arxa tərəfindən idi, lakin hansısa bir qüvvə mənim oradan getməyimə mane olurdu.
Yolumu dəyişdim. Başqa bir küçədən getdim. Bir çox yeni şeylər öyrəndim. Müsibət və fəlakəti təsəvvür etdiyimdən artıq gördüm. Yaxın dostlarımdan ikisinin qətli xəbərini, əqrəbamızdan üç qadın, ikisi uşaq olmaq üzrə bir evdə doqquz nəfərin öldürüldüyünü öyrənmişdim. İsmailiyyədən bir əhval öyrənməyə, bir məlumat almağa cəsarət etmirdim.
Hər halda, həqiqəti öyrənmək marağı məni rahatsız etməyə başladı. İsmailiyyədən bir xəbər bilməyə qərar verdim... Gözlərimə inanmaq istəmirdim; İsmailiyyə, o milli əməllərimizin doğulduğu yer, o möhtəşəm bina, Azərbaycan hüriyyət və istiqlaliyyəti-məfkurəsini millət arasında yayan mərkəz, o gözəl və sevimli bina yandırılmışdı. Məyus bir halda onun dörd ətrafını gəzib dolaşdım. İçərisinə daxil oldum. Fikirləşir, orada keçirilən gurultulu iclaslar, məslək mübarizələri gözümün önündən keçirdi.
Bir gün yenə, adətim üzrə, yanmış bazarı gəzmişdim. Yorğun halda İsmailiyyənin qarşısından keçdikdə bilmirəm hansısa bir qüvvə məni yenə onun içərisinə çəkdi, həyətinə daxil oldum.