SƏMƏD VURĞUN
(1906–1956)
• O, vətənin və poeziyanın yaddaşında
təkrarsız poetik şəxsiyyət, milli və beynəlmiləl
ictimai xadim, elm və sənət təşkilatçısı,
qeyri-adi şair, dramaturq, mütərcim
və mütəfəkkir kimi yaşayır.
Yaşar Qarayev
Yada salın
- İkinci Dünya müharibəsinə həsr olunmuş hansı sənət əsərləri ilə
tanışsınız?
- Bu mövzuda olan sənət nümunələrində diqqətinizi daha çox çəkən
nə olub?
Düşünün
- Sənət adamlarının müharibə mövzusuna dönə-dönə müraciət etmələrinə
səbəb, sizcə, nədir?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının
köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
ANANIN ÖYÜDÜ
(ixtisarla)
Geyib əsgər paltarını, silahlandı qəhrəman,
Onun polad sinəsinə sığışmadı ürəyi.
– Dayan! – deyib yaxın gəldi, öpdü onun alnından
Yay gününün xoş səhəri, bir da dağlar küləyi.
– Ana! Getdim, salamat qal! – deyib öpdü qarını.
Ana igid balasına açdı öz qollarını,
Üz-gözündən öpə-öpə bağrına basdı onu,
Ana yurdun bu qəhrəman, bu namuslu oğlunu.
Dedi: “Oğlum, göz bəbəyim, sən ey ömür çiçəyim!
Tarixlərin şahididir mənim bu ağ birçəyim.
Görürəm ki, qəhrəmansan, sənə halaldır südüm.
Qulağında yaxşı qalsın mənim sənə öyüdüm:
Biz sənsiz də dolanarıq, uğur olsun yoluna,
Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!
Sən düşmənin qabağında igid tərpən vüqarla,
Tüfəngini təmiz saxla, atını da tumarla!
Öz yerində olsun gərək igidin yar-yarağı,
Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı.
İgid balam! Hərçənd ki öz ananam mən sənin,
Çörəyilə böyümüsən bizim ana Vətənin.