SÜLEYMAN RÜSTƏM
(1906 – 1989)
• Cənub mövzusu Süleyman Rüstəm yaradıcılığında
geniş yer tutur. Onun adı
Arazın o tayında dillərdən düşmür, şeirləri
əldən-ələ, dildən-dilə gəzir. Şair Cənubda
xalqın ən çox sevdiyi və arxalandığı
söz ustalarındandır.
Hüseyn Abbaszadə
Yada salın
- Cənubi Azərbaycana həsr olunmuş hansı əsərlərlə tanışsınız?
- Bu əsərlərdə diqqətinizi daha çox çəkən nə olub?
Düşünün
- Cənub mövzusunda yazılmış əsərlərdə, sizcə, hansı məsələlərə daha
çox diqqət yetirilir?
Oxuda aydınlaşdırın
- Əsərdə tanış olmayan sözlərin mənasını lüğətlərin, sorğu kitablarının
köməyi ilə aydınlaşdırın.
- Əsərdəki bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirin.
TƏBRİZİM
(ixtisarla)
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna!
Sənin bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Sən çıxdın qarşıma duzla, çörəklə,
Bağından dərdiyin güllə, çiçəklə,
İkiyə bölünməz saf bir ürəklə,
Təbrizim, Təbrizim, aman Təbrizim,
Yox olsun başından duman, Təbrizim!
Qədrini ayrılıq çəkənlər bilər,
Hicrində göz yaşı tökənlər bilər,
Ömrünə qaranlıq çökənlər bilər,
Bağından gül-çiçək dərdim, Təbrizim,
Yenə təzələndi dərdim, Təbrizim!
Nə qəşəngdir yol boyunca söyüdlər,
Söyüdlərin kölgəsində igidlər
Babalardan dinləyirlər öyüdlər,
Coşur damarlarda qanı, Təbrizim,
Yoxdur bu mərdlərin sanı, Təbrizim!
Ağlasan, ağlaram, gülsən, gülərəm,
Yaşasan, yaşaram, ölsən, ölərəm,
Varımı səninlə yarı bölərəm,
Gəl bir də üzündən öpüm, Təbrizim!
Başına gül-çiçək səpim, Təbrizim!
Nədir o mənalı, dərin baxışlar?
Nədir gözlərindən yağan yağışlar?
Nədir qəlbindəki payızlar, qışlar?
Yetimtək boynunu burma, Təbrizim!
Məlul-məlul baxıb durma, Təbrizim!
Sənin çiçəyinə, gülünə qurban!
Mənə qardaş deyən dilinə qurban!
Vətəninə qurban, elinə qurban!
Baxdıqca hüsnünə doymayır gözüm,
Təbrizim, Təbrizim, gözəl Təbrizim!