Bütün günü hər tərəfə od ələyən günəş təzəcə batmışdı.
Firidun xırmanın qırağında, hələ döyülməmiş buğda tayasının yanında uzanmışdı.
Firidunun gözlərində həyatın ağır və əzablı səhnələri canlanırdı. Uşaqlığı... Ata və anasının ölümü... Tehran həyatı... Sonra Təbriz... Bu xatirələr içərisində, nədənsə, Tehranın əsl bir cəhənnəmi andıran isti günləri və boğucu axşamları xəyalından çəkilmirdi.
Firidun orada həmişə özünü qəfəsdəki quş kimi hiss edirdi. Bu xatirə qarşısında ona Azərbaycanın ağaclı və sulu kəndləri, yazda yaşıl xalı döşənmiş kimi səfalı çəmənləri və dağları həqiqi bir cənnət kimi görünürdü. O, çaxmaq qığılcımı kimi ani olaraq qəlbində baş qaldıran bir məhəbbətlə təzəcə biçilmiş, taxıl qoxusu verən yumşaq və doğma torpağı qucaqladı, üzünü ona sürtdü. Gözlərindən iki damcı yaş süzülərək yerə düşdü.
Firidun Təbrizin qərbində, Səhənd dağının ətəklərinə düşmüş bağ-bağatı və dadlı meyvələri ilə məşhur Azərşəhrdə anadan olmuşdu. Bir tərəfdən Urmi gölü, o biri tərəfdən daima başı qarlı Səhənd dağı silsiləsi ilə əhatə olunmuş Azərşəhr təbiətin gözəl və səfalı guşələrindən biridir.
Firidunun atası Təbrizin tacirlərindən birinin Azərşəhrdəki malikanəsində bağbanlıq edərdi.
Firidun xırda bir daxmada dünyaya gəlmişdi. Bu, hündür divarla hasarlanmış, göz işlədikcə uzanan bağın darvazaları yanındakı ikigözlü palçıq daxma idi.