Ədəbiyyata, incəsənətə qarşı yürüdülən sərt siyasi təzyiqlər, ideoloji təxribatlar Stalinin ölümündən sonra tədricən zəifləməyə başladı. 1950-ci illərin sonlarına doğru yazılan bir sıra əsərlərdə sovet həyat tərzindəki qüsurlara, keçmişdə yol verilmiş ədalətsizliyə açıqaşkar münasibət bildirilirdi. M.Hüseynin “Qara daşlar”, İ.Hüseynovun “Yanar ürək”, “Doğma və yad adamlar”, B.Bayramovun “Yarpaqlar”, R.Rzanın “Qızılgül olmayaydı” və s. əsərlərdə bu mövqe özünü qabarıq göstərirdi.
Şəxsiyyətə pərəstişin cəmiyyətə vurduğu sağalmaz yaralar barədə Sov.İKP-nin XXII qurultayında açıq və kəskin danışılması, 1930-cu illərdə repressiyaya məruz qalmış günahsız insanlara bir-birinin ardınca bəraət verilməsi ədəbiyyatın totalitar rejimin bir çox ehkamlarından uzaqlaşmasına şərait yaradırdı. Cəmiyyətdə humanizm və insan konsepsiyasının güclənməsi ədəbiyyatın məzmununa əhəmiyyətli dərəcədə təsir edir, lirik-psixoloji üslubun aparıcı mövqe tutmasına səbəb olurdu. Bunu İ.Əfəndiyevin nəsr yaradıcılığında (“Körpüsalanlar”, “Söyüdlü arx”), dramlarında (“Sən həmişə mənimləsən” və s.), B.Bayramovun “Sərinlik”, Ş.Qurbanovun “Sənsiz” əsərlərində görmək mümkün idi.
Lirikada təzələnmə, yeni poetik fikir R.Rza yaradıcılığının işığında baş verirdi. Sənətə yeni gələnlərin: F.Qoca, F.Sadıq, Ə.Kərim, T.Bayram, S.Rüstəmxanlı, R.Rövşən, V.Səmədoğlu və başqalarının ilk addımları bu işığın altında atılır, sərrastlaşır və möhkəmlənirdi. Poeziyadakı bu yeniliyə qarşı çıxanlar da vardı, lakin zaman öz sözünü dedi. 1960-cı illərdə yeni ruhu, ideya-estetik istiqaməti əks etdirən əsərlər ədəbiyyatımızın ən uğurlu səhifələrindən oldu.
Həmin illərdə yazıb-yaradan B.Vahabzadə, N.Xəzri, Qabil, B.Azəroğlu, Ə.Kürçaylı, M.Araz kimi şairlərin fərdi yaradıcılıq üslubları daha da inkişaf etmiş, əsərləri mövzu, məzmun və bədii cəhətdən yeni keyfiyyət qazanmışdı.
Bu dövrdə N.Rəfibəyli, M.Dilbazi, M.Gülgün və digər qadın sənətkarlarımızın müasir mövzuda və fərqli fərdi üslublarda yazdıqları əsərlər diqqəti cəlb edirdi.
Yarım əsrdən artıq bir yaradıcılq yolu keçmiş Nigar Rəfibəylinin 1960-cı illərdə və daha sonralar çap olunmuş “Dənizin səsi gəlir”, “Bir cüt xurma ağacı”, “Günəşdən gənclik istədim” və s. kitablarında müxtəlif mövzularda əsərləri toplanmışdır.
Böyük bir yaradıcılıq yolu keçmiş Mirvarid Dilbazi xalqımızın həyatında baş verən mühüm hadisələrə əsərlərində münasibət bildirmişdir. Xalqın həyatı, məişəti, zəhmət adamı və onun qayğıları, müharibənin törətdiyi fəlakətlər, doğma təbiətin gözəlliyi, vətən sevgisi onun müxtəlif illərdə çap etdirdiyi “Vətən eşqi”, “Şeirlər”, “Xatirələr olan yerdə”, “Həyat lövhələri”, “Dağ çiçəyi” və s. əsərlərində maraqlı bədii boyalarla əks etdirilən məsələlər idi.
Gənclik illəri Cənubi Azərbaycanda keçən Mədinə Gülgün xalqının milli hüquqlarının pozulmasını, ağır yaşayışını uzun illər müşahidə etmiş, bunun təsiri altında dünyagörüşü formalaşmış, azadlıq uğrunda mübarizəyə qoşulmuşdur. M.Gülgün Cənubi Azərbaycanda Demokratik Milli Hökumət qurulduqdan sonra şeirləri və əməli fəaliyyəti ilə xalqına, vətəninə sədaqətlə, əzmlə xidmət edir. Demokratik qüvvələrin məğlubiyyətindən sonra – 1946-cı ildə Şimali Azərbaycana pənah gətirən şair ömrünün sonuna kimi Bakıda yaşayır və işləyir. Onun yaradıcılığının mövzu dairəsi geniş olsa da, Cənubda baş verən ictimai-siyasi hadisələr, xüsusən azadlıq uğrunda mübarizə, bu yolda verilən qurbanların xatirəsi onu bir an da tərk etməmiş, yaradıcılığında önəmli yer tutmuşdur.