Əliağa Kürçaylı
ŞƏHİD MEŞƏ
O uzaq illərin xatirəsidir
Ürəyi kövrəldən, gözü yaşardan.
Bu, Kürün kədərli hekayəsidir,
Yadıma düşdükcə yanıram, inan.
Sahildə zümrüdü bir meşə vardı,
Söyüdlü, çinarlı, ağcaqovaqlı.
İl boyu bir yaşıl süfrə açardı,
Budağı yuvalı, qoynu qonaqlı.
Meşəni insanlar salmamışdılar,
Nə bir alın təri, nə əl qabarı.
Anamız təbiət özü bir bahar
Əkmişdi sahilə bu ağacları.
Kür o il aşmışdı uca bəndi də,
Qala bilməmişdi öz məcrasında.
Mənim doğulduğum Muğan kəndi də
Bir ada olmuşdu su səhrasında.
Elə bil başını itirmişdi Kür,
Gözümdən qovmuşdu şirin yuxumu.
Daşanda özüylə gətirmişdi Kür
Sahilə nə qədər ağac toxumu.
Elə ki Kür yatdı,
Həmin toxumlar
Cücərdi, boy atdı gündə bir çərək.
Üstündən keçməmiş üç qış, üç bahar
Bir meşə oldu ki, gəl şəklini çək.
Gəldi qucağına onun el, elat,
Süfrələr salındı kölgəliklərə.
Daşanda Kürümü söyən camaat
Ona “sağ ol” dedi meşəyə görə.
Sonra gözə girib yer əkmək üçün
Torpaq “lazım oldu” kolxoz sədrinə.
O gəlib meşəni qırdırdı bir gün,
Toxundu çiçəyin, gülün xətrinə.
Ağaclar yıxıldı qollu-budaqlı,
Yuvalar dağıldı çolpalarıyla.
Çinarlı, söyüdlü, ağcaqovaqlı
Meşə yoxa çıxdı sıx qatarıyla.
Sədr bostan əkdi meşə yerində...
Torpağın nə yaman hikkəsi varmış.
Ağılsız, vicdansız tədbir görəndə
Torpaq da insandan qisas alarmış.
Bircə şamama da bitirmədi yer,
Çayır yorğan kimi örtdü torpağı.
Sədri muradına yetirmədi yer,
Qazancı nə oldu? Elin danlağı.
Hər kəndə gedəndə dinləyirəm mən
Şəhid bir meşənin şikayətini.
Özün bir şitil də əkməmisən sən,
Qoruya bilməzsən el sərvətini.