Fizikanın işıq hadisələrini öyrənən bölməsi optika (yun. “optos” – görünən) adlanır. İşıq həyatımızda çox mühüm rol oynayır. Belə ki, biz ətraf aləm haqqında məlumatların təqribən 90%-ni işıq vasitəsilə alırıq.
İşıq nədir? Qədim yunanların təsəvvürlərinə əsasən, işıq – gözdən çıxan xüsusi maddədir. Göz həmin maddəni ixtiyari cismə doğru yönəldir və o, cismə toxunmaqla görmə hissi yaradır. Bəs nə üçün insan gecə heç nə görmür? Uzun illər bu suala cavab vermək mümkün olmamışdır. Yalnız XVII əsrdə İ.Nyuton belə bir fərziyyə irəli sürür: işıq - işıqlanan cisimlərin şüalandırdığı zərrəciklər (korpuskullar) selidir.