Optik cihazların əsas hissələrindən biri linzadır. Linza latın sözü “lens” olub “mərcimək” mənasını verir.
• Sferik səthlərlə (bəzən səthdən biri müstəvi də olur) hüdudlanmış şəffaf cisim linza adlanır. Linzalar, ondan sınaraq keçən şüaların toplanması və səpilməsinə görə iki yerə ayrılır: qabarıq və çökük.
• Qabarıq linzalar – kənarlarına nisbətən ortası qalın olan linzalara deyilir. Belə linzalar iki tərəfi qabarıq, qabarıq-müstəvi, qabarıq-çökük səthlərlə hüdudlana bilir (a). Havada qabarıq şüşə linzanın üzərinə düşən işıq şüaları sındıqdan sonra bir nöqtədə toplandığına görə o, toplayıcı linzadır. Belə linzalara “böyüdücü” kimi tanıdığınız zərrəbini (lupanı) misal göstərmək olar (b).
• Çökük linzalar – ortası kənarlarına nisbətən nazik olan linzalara deyilir. Belə linzalar iki tərəfi çökük, çökük-müstəvi, çökük-qabarıq səthlərlə hüdudlana bilir (c). Havada çökük şüşə linzanın üzərinə düşən işıq şüaları sındıqdan sonra səpələndiyinə görə o, səpici linzadır. Belə linzalar cismi kiçildilmiş göstərir (d).