Qüsursuz gözün optik sisteminin fokusu tor təbəqəsi üzərində olur (a). Belə göz müxtəlif cisimləri gərginləşmədən və aydın görür.
O, uzaqda olan cisimlərə baxarkən yorulmur. Lakin bir çox insanlar görmə qüsurundan əziyyət çəkirlər. Belə qüsurlardan ikisi daha geniş yayılmışdır. Bunlar yaxındangörmə və uzaqdangörmədir.Yaxındangörmə. Yaxından görən gözün optik sisteminin fokusu tor təbəqədə deyil, ondan qabaqda yerləşir. Buna görə də yaxındangörmə qüsuru olan insan uzaqda olan cisimləri aydın görə bilmir. O hər hansı bir cismin kiçik hissələrini görə bilmək üçün bu cismi gözünə yaxınlaşdırmalı olur. Aparılan araşdırmalardan məlum olmuşdur ki, yaxından görən gözün optik qüvvəsi qüsursuz gözün optik qüvvəsindən böyükdür. Görmədəki bu qüsuru aradan qaldırmaq üçün gözün optik qüvvəsi müəyyən vasitə ilə azaldılmalıdır. Səpici linzalı eynəklərin köməyi ilə yaxındangörməni aradan qaldırmaq olur. Belə ki, optik qüvvəsi “–” olan (məsələn: –2 dptr, – 2,5 dptr və s.) linzalı eynək gözün optik qüvvəsini azaldır və cismin xəyalı qüsursuz gözdə olduğu kimi – gözün tor təbəqəsində alınır (b).