• | Kimyəvi elementin hansı radioaktiv şüalanması onun nüvəsini dəyişikliyə uğradır: α-şüalanma, β-şüalanma, yoxsa γ-şüalanma? |
• | Elementin atom nüvəsindəki dəyişiklik nə ilə nəticələnir? |
Pyer və Mariya Kürilər, Ernest Rezerford və ingilis kimyaçısı Frederik Soddi təcrübələrdən aldıqları nəticələrə əsaslanaraq radioaktiv kimyəvi elementlərdə aşağıdakı qeyri-adi xassələri aşkar etdilər:
1. Kimyəvi element α və ya β-şüalanmaya məruz qaldıqda o, başqa kimyəvi elementə çevrilir və bu zaman kütlə və yük ədədləri saxlanılır. Radioaktiv çevrilmə zamanı alınan nüvənin kütlə və yük ədədlərinin cəmi, ilkin nüvənin kütlə və yük ədədlərinə bərabərdir.
2. Kimyəvi elementlərin radioaktiv çevrilməsi enerji ayrılması ilə müşayiət olunur. Enerji ayrılması illərlə fasiləsiz davam edə bilər.
3. Radioaktiv çevrilmələrin gedişinə xarici amillər (temperatur və təzyiq dəyişməsi, kimyəvi reaksiya, elektrik və maqnit və s.) heç bir təsir göstərmir.
4. Radioaktiv çevrilmələr özbaşına – spontan baş verir.
• Bir radioaktiv nüvənin özbaşına digər nüvəyə çevrilməsi radioaktiv çevrilmə adlanır.
Atomun nüvə modelinə əsasən aydın olur ki, radioaktiv çevrilmələrdə kimyəvi elementin nüvəsi dəyişikliyə uğrayır. Belə ki, nüvədəki protonun neytrona çevrilməsi nəticəsində α-şüalanması (24He nüvəsi) baş verir, əksinə, nüvədəki neytronun protona çevrilməsi isə radioaktiv β-şüalanması ilə nəticələnir.
Beləliklə, iki növ radioaktiv çevrilmə mövcuddur: radioaktiv α-çevrilmə və radioaktiv β-çevrilmə.